Şrift:
Milli fəalın yeri dəyişdirildi: Mehrdad Şeyxi Ərdəbil həbsxanasının 7-ci bölməsinə köçürülüb
19.03.2021 [12:05] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Telefon danışığı zamanı o, Ərdəbil Mərkəzi Həbsxanasının 7-ci karantin bölməsinə köçürüldüyünü bildirib.

Qeyd edək ki, tanınmış siyasi məhbus, 15 il həbs cəzasına məhkum edilmiş Abbas Lisani də həmin bölmədə saxlanılır.

Bundan öncə o, “cinayətlərin ayrılması prinsipi”nə zidd olaraq həbsxananın narkotik istifadəçilərinin saxlanıldığı 4-cü bölməsinə köçürülmüşdü.

Xatırladaq ki, milli mədəni fəal Mehrdad Şeyxi fevralın 27-də məhkəmə qərarlarının icrası idarəsindən aldığı bildiriş əsasında 6 aylıq həbs cəzasını çəkmək üçün Ərdəbil həbsxanasına yollanıb.

Mehrdad Şeyxi 2019-cu ildə yanacaq qiymətlərinin bahalaşmasına etiraz olaraq başlanan aksiyalarda iştirak etdiyinə görə saxlanılıb.

O, 2019-cu il, noyabrın 20-də Ərdəbildə atası evində təhlükəsizlik qüvvələri tərəfindən saxlanıb, 11 gün təcridxanada saxlanıldıqdan sonra 30 milyon tümən mülki vəsiqə qarşılığında müvəqqəti sərbəst buraxılıb.

Ərdəbil İnqilab Məhkəməsi M.Şeyxiyə "sistemə qarşı təbliğat aparmaq" ittihamı ilə 1 il həbs cəzası verib. Lakin Apellyasiya Məhkəməsi bu müddəti 6 aya endirib.

Xatırladaq ki, Mehrdad Şeyxi milli-mədəni fəal Behnam Şeyxinin kiçik qardaşıdır. Behnam Şeyxi hal-hazırda Tehranın “Evin” zindanının 8-ci bəndində saxlanılır. Milli fəala Beynəlxalq Ana Dili Günü tədbirlərinə qatıldığı üçün 2 illik həbs cəzası verilib.
Bu xəbər oxucular tərəfindən 178 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed