Şrift:
“Böyük Qayıdış” qısametrajlı bədii, sənədli və animasiya film layihələri müsabiqəsinə sənəd qəbulu başa çatıb
30.03.2021 [11:19] - Xəbərlər, Mədəniyyət
Milli kinematoqrafiya sahəsində fəaliyyət göstərən yaradıcı şəxslərə dəstək olmaq, bu istiqamətdə çalışan dövlət studiyalarının və müstəqil prodüser mərkəzlərinin fəaliyyətini stimullaşdırmaq, milli-mənəvi və ümumbəşəri dəyərləri filmlərlə təbliğ etmək, kino peşəkarlarının təcrübələrini daha da yüksəltmək və Vətən müharibəsində qazanılmış böyük zəfərə kino vasitəsilə töhfə vermək məqsədilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən elan olunmuş “Böyük Qayıdış” qısametrajlı bədii, sənədli və animasiya film layihələri müsabiqəsinə sənəd qəbulu başa çatıb.

Nazirlikdən bildirilib ki, 2020-ci ildə Vətən müharibəsində xalqımızın əldə etdiyi şanlı Qələbə, Azərbaycan əsgərinin ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda göstərdiyi qəhrəmanlıq mübarizəsi, yurd həsrəti ilə alışıb-yanan həmyerlilərimizin dədə-baba torpaqlarına qovuşması, habelə arxa cəbhədə yumruq kimi birləşən vətəndaşlarımızın fəaliyyəti mövzularını əhatə edən müsabiqəyə təqdim edilmiş işlərdən müsabiqənin ilkin qəbul şərtlərinə cavab verən 49 layihə ikinci – bədii seçim mərhələsində iştirak hüququ əldə edib.

Qəbul olunmuş layihələrdən 5-i televiziya kanalları, 7-si dövlət studiyaları, 37-si isə müstəqil prodüser mərkəzləri tərəfindən təqdim olunub.

Qeyd edək ki, bədii seçim mərhələsində film layihələrini mədəniyyət nazirinin əmri ilə təsdiq edilmiş münsiflər heyəti bədii-kinematoqrafik baxımdan aprelin 16-dək qiymətləndirəcək və qaliblərin adları Mədəniyyət Nazirliyinin www.mct.gov.az internet saytında və “Mədəniyyət” qəzetində açıqlanacaq. Bu mərhələdə seçilən layihələr 3-cü mərhələyə – istehsalçıların Pitçinqi mərhələsinə buraxılacaq.

Aprelin 19-29-da təşkil olunacaq Pitçinqdə layihələrin təqdimatı müəlliflər tərəfindən həyata keçiriləcək, iştirakçılar layihələrini açıq Pitçinqdə müdafiə edəcəklər. Bu mərhələdə münsiflər heyətinin rəyi əsasında ən yaxşı layihələr müəyyən ediləcək. Aprelin 30-da elan ediləcək qalib layihələr onları təqdim etmiş müəssisə tərəfindən Mədəniyyət Nazirliyinin sifarişi və maliyyə təminatı əsasında istehsal olunacaq.
Bu xəbər oxucular tərəfindən 275 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed