Şrift:
Paytaxtda uşaq bağçaları fəaliyyətini ənənəvi qaydada davam etdirir
07.04.2021 [11:44] - Gündəm, Sosial
Hazırda Bakı şəhərindəki bütün dövlət uşaq bağçaları Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar və təlimatlarına uyğun mövcud vəziyyət nəzərə alınmaqla və müvafiq sanitar-gigiyenik normalara əməl edilməklə fəaliyyət göstərir. Bununla əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi tərəfindən müvafiq tədbirlər həyata keçirilir.

BŞİH-in mətbuat xidmətindən bildiriblər ki, bağçalar tibbi maska, əlcək, hərarət ölçən aparatlar, dezinfeksiya məhlulları ilə tam təmin edilib. Otaqların havalandırılması və təlimata uyğun dezinfeksiyası üçün tədbirlər həyata keçirilir. Mətbəx və sanitariya qovşaqlarının təmiz saxlanmasına diqqət artırılıb, burada mütəmadi dezinfeksiya işləri aparılır.

Hər bağçanın girişində xüsusi dezinfeksiyaedici məhlullar qoyulub. Hər gün bağçaya gələn işçi heyəti və uşaqların temperaturu ölçülür, tərbiyəçilər tez-tez valideynlərlə əlaqə saxlayırlar. Həftəsonu bütün bağçalarda tam dezinfeksiya işləri aparılır.

Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Elmin İmanov bildirib ki, bu gün Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin tabeliyində 348 məktəbəqədər təhsil müəssisəsi var və onların 330-u fəaliyyət göstərir. Hazırda yalnız 9 bağça koronavirusla bağlı karantinə bağlanıb.

Qeyd edək ki, son 9 il ərzində 169 məktəbəqədər təhsil müəssisəsində əsaslı təmir, yenidənqurma və bərpa işləri həyata keçirilib. 19 bağça sökülərək yenidən tikilib, 6 bağçanın həyətində yeni tədris korpusu inşa edilib, 7 yeni müəssisə yaradılıb.

Bu məktəbəqədər təhsil müəssisələrində 2177 qrupda 41 min 74 uşaq təlim–tərbiyə alır. Orada ümumilikdə 11 min 781 nəfər əməkdaş fəaliyyət göstərir ki, onlardan 4578 nəfəri bu günədək vaksinasiya prosesindən keçib. Qısa müddət ərzində bütün işçilərin vaksinasiyası başa çatdırılacaq.
Bu xəbər oxucular tərəfindən 258 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed