Şrift:
İƏT Təmas Qrupunun azad olunmuş ərazilərdəki vəziyyətlə bağlı məlumatları dünya ictimaiyyətinə çatdırması mühüm əhəmiyyət kəsb edir
08.04.2021 [09:53] - Xəbərlər, Siyasət
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Təmas Qrupunun üzvlərinin Gəncəyə və işğaldan azad olunmuş ərazilərə səfəri Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Bu missiyanın tərkibində təmsil olunanların əksəriyyəti 44 günlük Vətən müharibəsindən sonra ilk dəfə idi ki, həmin ərazilərə səfər edirdi. Təəssüratlardan bir daha aydın oldu ki, İslam Əməkdaşlıq Təşkilatı 30 ilə yaxın müddətdə Azərbaycana məxsus ərazilərin işğal altında qalmasını pisləyir. Ümumiyyətlə, İƏT bu məsələdə hər zaman obyektiv və ədalətli mövqe sərgiləyərək Azərbaycana siyasi dəstək verib.

Bunu açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

K.Nurullayeva bildirib ki, 2016-cı ilin aprelində İstanbulda keçirilən XIII Zirvə görüşündə İƏT çərçivəsində və xarici işlər nazirləri səviyyəsində Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair Təmas Qrupu yaradılıb. Yeddi ölkədən ibarət Qrupun ilk iclası 2016-cı ildə İstanbul sammiti çərçivəsində keçirilib. Qrup bu illər ərzində fəaliyyətini münaqişənin həllinin sürətləndirilməsi və böyük dövlətlərin diqqətini bu məsələyə yönəltmək istiqamətində qurub. BMT Baş Assambleyasının 71-ci daimi sessiyası çərçivəsində təmas qrupunun Dağlıq Qarabağla bağlı ilk iclası da keçirilib. Yəni, Təmas Qrupunun qısamüddətli, lakin səmərəli fəaliyyəti münaqişənin daim diqqətdə saxlanılması işinə əlavə töhfə verib.

“İslam Əməkdaşlıq Təşkilatı postmüharibə dövründə də Azərbaycana öz dəstəyini göstərməkdədir”, -deyən deputat vurğulayıb ki, üzv ölkələr yeni dövrdə həm də bərpa prosesində Azərbaycanın yanındadırlar. İndiki mərhələdə işğaldan azad olunmuş ərazilərdəki vəziyyətin dünyaya çatdırılması çox vacibdir. Nümayəndə heyəti azad olunmuş ərazilərə səfəri zamanı qeydə aldığı təəssüratları gələn il İslamabadda İƏT xarici işlər nazirlərinin görüşündə də gündəmə gətirəcək. Böyük ehtimal ki, məsələ ilə bağlı çağırışlar da səslənəcək. Eyni zamanda, azad olunmuş ərazilərin bərpasına dəstək məqsədilə çağırışların edilməsi də nəzərdə tutulur. Yəni, münaqişə Azərbaycanın iradəsi sayəsində həllini tapıb və Təmas Qrupu postmüharibə dövründə də fəaliyyətini davam etdirir. İndi müharibə dövrünün reallıqlarının dünyaya çatdırılmasına daha çox ehtiyac var, çünki biz artıq azad olunmuş ərazilərdən real faktları təqdim edirik.

Könül Nurullayeva bildirib : “Ermənistan bu illər ərzində Azərbaycana qarşı həyata keçirdiyi terror aktlarına görə mütləq şəkildə cavab verməlidir. Biz İƏT başda olmaqla, bütün beynəlxalq platformalar üzərindən postmüharibə dövründə də fəallığı artırmalı, beynəlxalq müstəvidə ədalətli yanaşma sərgiləyən tərəfdaşlarımızla əməkdaşlığımızı daha da dərinləşdirməliyik. Bütün dünya 30 il ərzində bizim hansı düşmənlə mübarizə apardığımızı bir daha görməlidir”.
Bu xəbər oxucular tərəfindən 28 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed