Şrift:
Mina sahələrinin sxemlərinin Azərbaycana verilməməsi Ermənistanın ölkəmizə qarşı törətdiyi növbəti cinayətdir
13.04.2021 [06:16] - Xəbərlər, Siyasət
Mina sahələrinin təmizlənməsi ilə bağlı işləri sürətləndirmək, onların yerlərini axtarıb tapmaq üçün Ermənistan bu sahələrin xəritələrini təqdim etməlidirlər. Bu sxemlərin verilməməsi Ermənistan tərəfindən Azərbaycan ərazilərində törədilən cinayətlərin növbəti təzahürüdür.

Bu fikirlər müsahibəsində ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib.

Şair Ramaldanov xatırladıb ki, Vətən müharibəsi başa çatıb, Azərbaycan bu savaşda Zəfər qazanaraq öz torpaqlarını işğalçılardan azad edib. Ancaq işğalçı ölkənin hərbçiləri tərəfindən yerləşdirilən mina və partlamamış hərbi sursatları təmizləmək üçün ölkəmizə illərlə vaxt lazımdır. Bu sahələri təmizləməmiş infrastrukturu bərpa etmək mümkün deyil. Çünki ərazilərin bərpasında mülki insanlar iştirak edir. Ancaq mina sahələrinin mövcudluğu çətinliklər yaradır, insanların ölümünə və xəsarət almasına səbəb olur Minaya düşənlər əsasən mülki şəxslərdir və onların müharibə ilə heç bir əlaqəsi yoxdur. Buna baxmayaraq, Ermənistan indiyədək düşmənçilik mövqeyindən əl çəkməyib və minaların basdırıldığı yerlərin sxemlərini təqdim etmir. Ona görə həmin ərazilərdə mina təhlükəsi mövcuddur. Odur ki, Azərbaycan tərəfindən bununla bağlı müəyyən beynəlxalq təşkilatlara artıq müraciətlər olunub. Lakin dünyada mövcud olan ikili standartların nəticəsidir ki, Ermənistana qarşı hər hansı sərt tədbir görülmür. Təcavüzkar ölkənin mövqeyi, onun beynəlxalq hüquq normalarına hörmətlə yanaşmaması, reallığı qəbul etməməsi nəticəsində mina sahələrinin təmizlənməsi işi ilə bu gün məhz Azərbaycanın özü məşğul olur.

Polkovnik qeyd edib ki, mina sahələrinin təmizlənməsi işi çox böyük vəsait tələb edir. Bir minanı aşkarlayıb zərərsizləşdirmək üçün 300 dollardan 1000 dolaradək vəsait tələb edir. Mina sahələrində olan hərbi sursatların sayına nəzərə salsaq, Azərbaycana vaxtdan başqa böyük maliyyə vəsaiti tələb olunacağını görərik. Azərbaycan dövləti, Prezident İlham Əliyev bununla bağlı lazımı tədbirlər görür. Bu gün Azərbaycanda mina sahələrini təmizləmək üçün Müdafiə Nazirliyi tərəfindən iki tabor yaradılıb. Onlar bu təmizləmə prosesində fəal şəkildə iştirak edirlər və gec-tez həmin mina sahələri tamamilə təmizlənəcək.

Hərbi ekspert diqqətə çatdırıb ki, işğaldan azad edilmiş ərazilərdə mina təhlükəsi olması ilə bağlı dəfələrlə mətbuat vasitəsilə xəbərdarlıqlar olunub, azad olunmuş əraziyə keçmək istəyənlər isə müvafiq qurumlar tərəfindən saxlanılıb. İnsanlar artıq anlamalıdırlar ki, onlar ancaq icazə verilən ərazilərə səfər edə bilərlər. İstər televiziya kanallarında, istər sosial şəbəkələrdə, istərsə də müxtəlif mətbuat orqanlarında azad olunmuş ərazilərin təhlükəli olduğu barədə maarifləndirmə işləri aparılır. Amma bəziləri bu qaydalara əməl etmir. Düşünürəm ki, onlar getmək istədiyi ərazilər minalardan təmizlənənə qədər səbirli olmalıdır və gözləməlidirlər, yalnız icazə aldıqdan sonra ora getməlidirlər. Qaydalara riayət etməyib hansısa gizli yollarla həmin ərazilərə getsələr, insanlar arasında həlak olanlar və sağlamlıqlarını itirənlər də olacaq. Odur ki, maarifləndirmə işləri daimi olaraq aparılmalıdır.
Bu xəbər oxucular tərəfindən 264 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed