Şrift:
Fərəc Quliyev: Hərbi Qənimətlər Parkı Azərbaycanın tarixi qələbəsinin, Ermənistanın isə ağır məğlubiyyətinin göstəricisidir
20.04.2021 [12:32] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
“Azərbaycanın paytaxtında Hərbi Qənimətlər Parkının açılışı çox möhtəşəm və əlamətdar hadisədir. Azərbaycan Ordusunun Ermənistanın işğalçı silahlı qüvvələrinin üzərində əldə etdiyi tarixi qələbənin şərəfinə belə bir Parkın yaradılması böyük əhəmiyyət daşıyır”. Bu fikirləri qəzetimizə açıqlamasında Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev deyib.

F.Quliyevin sözlərinə görə, Azərbaycan Prezidentinin Sərəncamı ilə Bakıda inşa edilən Hərbi Qənimətlər Parkını bir neçə cəhətdən vacib təşəbbüs kimi dəyərləndirmək olar: “Əvvəla, Azərbaycan dünya ictimaiyyətinin diqqətinə çatdırır ki, 30 il ərzində Azərbaycan tərəfi sülh danışıqlarında iştirak etməklə böyük səbir göstərib. 44 günlük Vətən müharibəsi ilə Azərbaycan xalqı bütün dünyaya sübut etdi ki, öz ərazi bütövlüyünü bərpa etməyə qadir olan mübariz xalqdır. İkincisi, Parkda məğlub ölkənin texnikalarının və digər eksponatların nümayişi uzun illərdən sonra Azərbaycan vətəndaşlarında qürur və şərəf yaşadan tarixi qələbənin əbədiləşdirilməsi baxımından böyük önəm kəsb edir”.

Partiya sədri deyib ki, Hərbi Qənimətlər Parkını Azərbaycanın torpaqlarına işğalçı kimi gələnlərə aqibətinin necə olacağını sübut etmək baxımından da yüksək qiymətləndimək olar: “Ermənistan ordusuna məxsus hərbi texnikaların nümayişi ilə bütün dünyaya göstəririk ki, torpağımıza göz dikənlər layiqli cavablarını alacaqlar. Çünki XXI əsrin müharibəsini aparacaq qədər güclü orduya malik olan Azərbaycan özünü müdafiə etməyə qadir olduğunu nümayiş etdirib. Ən nəhayət, Parkın salınması 44 gün davam edən Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı möhtəşəm zəfəri gələcək nəsillərə ötürmək baxımından da mühüm önəm daşıyır. Məhz bu səbəblərdən demək olar ki, Hərbi Qənimətlər Parkı Azərbaycanın tarixi qələbəsinin, Ermənistanın isə ağır məğlubiyyətinin göstəricisidir”.

Qaşqay ZİYƏDDİNOĞLU/yeniazerbaycan.com
Bu xəbər oxucular tərəfindən 577 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed