Şrift:
Tokio Olimpiya Oyunlarının təşkilatçıları tamaşaçıların iştirakı məsələsini iyunda aydınlaşdıracaqlar
29.04.2021 [10:28] - Xəbərlər, İdman
Tokio Olimpiya və Paralimpiya Oyunlarının təşkilatçıları tamaşaçıların yarışlarda iştirakı və onların sayı məsələsini koronavirus pandemiyası ilə əlaqədar vəziyyəti nəzərə alaraq iyunda aydınlaşdıracaqlar.

Kyodo agentliyi xəbər verir ki, bu barədə qərar Tokio Olimpiadasının təşkilatçılarının bu gün keçirilən beştərəfli onlayn görüşündə qəbul edilib. Təşkilatçılar, həmçinin təhlükəsizliyi təmin etmək məqsədilə bütün iştirakçı idmançıların gündəlik test verməsi barədə də razılaşıblar.

Eyni zamanda, təşkilatçıların bildirdiyinə görə, əcnəbi idmançılar və əməkdaşlar öz ölkələrini tərk etməzdən əvvəl iki dəfə virus testindən keçəcəklər.

Bildirilir ki, yeni qaydalar təşkilatçıların hazırladığı “playbooks”un yenilənmiş versiyasında öz əksini tapıb.

“Beynəlxalq Olimpiya Komitəsi (BOK) “Tokio 2020” Olimpiya və Paralimpiya Oyunlarının uğurlu və təhlükəsiz keçirilməsinə tam sadiqdir”, - deyə onlayn görüşü açan BOK prezidenti Tomas Bax bildirib. Əlavə edib ki, təşkilatçılar COVID-19-la bağlı qaydalara tam əməl edəcəklər.

Baş nazir Yoşihide Suqa bu ərəfədə bəyan edib ki, Yaponiya hökuməti Tokio Oyunlarının təhlükəsizliyini və etibarlılığını təmin etmək üçün lazım olan bütün addımları atacaq. Lakin hökumət tərəfindən görülən tədbirlərə baxmayaraq, ölkə üzrə yoluxma səviyyəsini azaltmaq mümkün deyil.

Bununla yanaşı, Yaponiya hökumətinin rəsmi nümayəndəsi Olimpiya Oyunları zamanı idmançıları və rəsmi nümayəndələri qəbul etmək üçün 30 xəstəxananın hazır vəziyyətdə olacağını bəyan edib.

Xatırladaq ki, hökumət Tokioda və bir neçə digər prefekturada mayın 11-dək üçüncü fövqəladə vəziyyət rejimi elan edib. Buna baxmayaraq, aprelin 28-də paytaxtda 925 yoluxma halı qeydə alınıb ki, bu da yanvarın 28-dən bəri ən yüksək göstəricidir.

Aprelin 25-dən qüvvəyə minmiş fövqəladə vəziyyət rejiminə görə, bütün böyük kommersiya obyektləri, tematik parklar, karaoke salonları və spirtli içkilərin təklif edildiyi restoranlar bağlanıb.

Peyvəndləmə prosesinin çox ləng getdiyinə görə tənqid edilən Yaponiyada cari ayın əvvəllərində 65 yaşdan yuxarı insanlara peyvəndlərin vurulmasına başlanılıb. Bu gedişlə Olimpiya Oyunları başlananadək əhalinin əksər hissəsi hələ də peyvəndlənməyəcək.

BOK və Tokio Olimpiadasının təşkilat komitəsi isə bütün iştirakçı idmançılar və rəsmi şəxslər üçün peyvəndin vurulmasını məcburi elan edib.
Bu xəbər oxucular tərəfindən 740 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed