Şrift:
Ağsuda Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb
29.04.2021 [10:34] - Xəbərlər, Sosial
Ağsunun Gəgəli kəndində Vətən müharibəsi şəhidlərinin anım mərasimi keçirilib.

Mərasim iştirakçıları əvvəlcə kənd məzarlığında şəhidlik zirvəsinə ucalan kəşfiyyatçı baş leytenant Kamran Quluzadə, əsgərlər Vüsal İbişov və Elmir Süleymanlının yeni qurulan qəbirüstü xatirə abidəsinin üzərinə əklillər və gül dəstələri qoyub, ruhlarına dualar ediblər. Şəhid ailələrinin təşəbbüsü ilə monumental formada inşa olunan xatirə abidəsi qarşısında şəhid ailələri və kənd sakinlərinə xitabən çıxışlar edilib. Rayonu icra hakimiyyəti başçısının birinci müavini Füzuli Kərimli Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qırx dörd günlük Vətən müharibəsində qazanılan qələbənin tarixi əhəmiyyətindən danışıb, döyüşlərdə Ağsu rayonunun təkcə Gəgəli kəndindən onlarla gəncin könüllü iştirak etdiyini bildirib. Döyüşlərdə şəhid olan igid oğulların xatirələrinin həmişə əziz tutulacağını qeyd edib. Milli Məclisin deputatı Tahir Kərimli Azərbaycanın Vətən müharibəsində ərazi bütövlüyünü bərpa edərək bütün dünyaya mesaj verdiyini, bu qələbənin qazanılmasında əsgərlərimizin şücaətini qeyd edib.

Mərasimdə Gəgəli Bələdiyyəsinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli şəhidlərin şərəfli ömür yolu haqqında iştirakçılara məlumat verib. Vurğulayıb ki, şəhid baş leytenant Kamran Quluzadə Xocavənd rayonunun Tuğ kəndi istiqamətində, şəhid Elmir Süleymanlı Hadrutda 1621 yüksəkliyində, şəhid Vüsal İbişov isə Ağdərə istiqamətində gedən ağır döyüşlərdə qəhrəmancasına həlak olublar.

Şəhid ailələri övladlarına göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Bu xəbər oxucular tərəfindən 458 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed