Şrift:
Xəlil bəy Xasməmmədlinin məzarı aşkarlanıb
03.12.2012 [12:39] - Gündəm, Türk dünyası-Turan
“Azadlıq” radiosunun “İz” proqramına danışan Bakı sakini Səbuhi Əliyev 1918-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyətində ədliyyə və daxili işlər naziri vəzifələrini tutmuş Xəlil bəy Xasməmmədlinin (1875-1945) İstanbuldakı məzarını aşkarladığını deyib.

Səbuhi Əliyevin sözlərinə görə, İstanbulun Feriköy məzarlığında axtarışların bir nəticə vermədiyini görəndə ağlına bu sual gəlib: “Elə bir məzar varmı ki, onu heç kəs ziyarət eləmir? Dedilər biri var, heç kəs ziyarət eləmir. Məni düz gətirib Xəlil bəyin məzarının üstünə çıxardılar. Yadıma düşdü ki, sizin verilişinizdə qohumu Toğrul Cuvarlı demişdi ki, onun övladı olmayıb”.

Səbuhi Əliyev “İz” proqramının “Cümhuriyyət fədailəri” silsiləsindən hazırladığı “Tənha cümhuriyyətçi” verilişini dinləyəndən sonra çox təsirləndiyini deyir: “Məzarı tapanda Xəlil bəyin siz deyən kimi – tənha cümhuriyyətçi olduğunu gördüm. Bir az da kövrəldim. Nə olsun ki, onun övladı olmayıb? Onun övladları bütün Azərbaycan xalqıdır”.

Səbuhi Əliyev qəbirin sinədaşının qopub düşdüyünü söylədi: “Sinədaşı sınmışdı. Eləcə çəkdim, sonra düşündüm ki, yaxşı deyil, qoy düzəldək. Məzarlığın işçilərini çağırdım. Mənə kömək etdilər, qəbirin üstünü qaydaya saldıq. Amma məzarın yüngül bərpaya ehtiyacı var”.

Xəlil bəy Xasməmmədli Gəncədə anadan olub. Moskva Universitetinin hüquq fakültəsini bitirib, müstəntiq işləyib. Azərbaycan Xalq Cümhuriyyəti zamanı ədliyyə naziri və daxili işlər naziri vəzifələrində çalışıb, 1920-ci ildə Türkiyəyə səfir təyin olunub. 1920-ci ildən sonra İstanbulda yaşayıb.
Bu xəbər oxucular tərəfindən 1225 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed