Şrift:
Cənub-Şərqi Asiya dövlətləri koronavirus pandemiyasına görə iqtisadi tənəzzül dövrünü yaşayır
18.05.2021 [10:47] - Xəbərlər, İqtisadiyyat
Koronavirus pandemiyası Cənub-Şərqi Asiya dövlətlərinin iqtisadiyyatına böyük zərbə vurub. Bu ölkələrin bir çoxu iqtisadi tənəzzül dövrünü yaşayır.

Bunu həmin ölkələrin cari ilin yanvar-mart ayları üzrə ümumi daxili məhsul (ÜDM) istehsalı barədə göstəriciləri təsdiq edir.

Regionun ən böyük iqtisadiyyatlarından biri olan İndoneziyada artıq dördüncü rübdür ki, ÜDM illik göstəricidə davamlı olaraq azalmaqdadır. Bildirilir ki, hesabat dövründə bu göstərici 0,7 faiz aşağı düşüb.

Qeyd edilir ki, paytaxt Cakartada və ətraf rayonlarda koronavirus pandemiyasına görə tətbiq edilən məhdudiyyətlər bütün ölkə üzrə istehlakın azalmasına səbəb olub.

Filippin və Tailand iqtisadiyyatında da azalma qeydə alınıb. Belə ki, Filippində bu göstərici 4,2 faiz, Tailandda isə 2,6 faiz aşağı düşüb. Eyni zamanda, Malayziyada da artıq dördüncü rübdür ki, azalmanın davam etdiyi, ölkə iqtisadiyyatının 0,5 faiz gerilədiyi bildirilir.

Qeyd edək ki, pandemiyaya qədər məhz bu regionda baş verən yüksək inkişaf tempi bütün dünyada iqtisadiyyatı hərəkətə gətirmişdi. Lakin koronavirus pandemiyasına görə tətbiq edilən məhdudiyyətlər, yoluxmaların qarşısını almaq üçün digər qadağalar regionda bərpa prosesinə mənfi təsir göstərib.

Qeyd edilir ki, vəziyyət belə davam edəcəyi təqdirdə, bu, bütün dünya iqtisadiyyatı üçün risk təşkil edə bilər.
Bu xəbər oxucular tərəfindən 770 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed