Şrift:
Azərbaycan çempionu: Ümid edirəm ki, Naxçıvanda bu cür yarışların keçirilməsi ənənə halını alar
19.05.2021 [12:57] - Xəbərlər, İdman
Yarış çox gərgin mübarizə şəraitində keçdi. Şahmat üzrə budəfəki Azərbaycan çempionatı heyət tərkibinə görə tarixinin ən güclü çempionatı idi. Ümid edirəm ki, Naxçıvanda bu cür yarışların keçirilməsi ənənə halını alar və Azərbaycanın ən güclü şahmatçıları belə turnirlərdə öz bacarıqlarını sınayarlar.

Bunu AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində kişilər arasında keçirilən şahmat üzrə Azərbaycan çempionatının qalibi, beynəlxalq qrossmeyster Vasif Durarbəyli deyib.

Qalib şahmatçı ona Azərbaycan çempionu adını qazandıran son oyunun gərgin keçdiyini bildirib. “Bəxtim də gətirdi. Amma ümumilikdə, yarışın əvvəlindən sonuna qədər olan oyunlarımı yaxşı dəyərləndirirəm. Keçən il Azərbaycan çempionatı təxirə salınmışdı. Bir il ərzində çox yüksək səviyyədə hazırlıq keçdim”, - deyən idmançı dəfələrlə Azərbaycan çempionatlarında iştirak etdiyini bildirib: “Bu çempionata qədər olan ən yaxşı nəticəni 2006-cı ildə - 14 yaşım olanda qazanmışdım. O zaman Azərbaycan çempionatında ikinci yerə çıxdım və Milli Olimpiya komandasına daxil oldum. O tarixdən sonra nə qədər çalışsam da, Azərbaycan çempionu ola bilmirdim. Hər dəfə 2-3-4-cü yerləri paylaşırdım. Nəhayət, uzun hazırlıq bu turnirdə öz bəhrəsini verdi və sevinirəm ki, evə qalib kimi qayıdıram".

2012-ci ildən sonra müxtəlif səbəblərdən Naxçıvanda keçirilən yarışlarda iştirak edə bilmədiyini deyən idmançı burada şahmatçılar üçün çox gözəl şərait yaradıldığını bildirib. Vasif Durarbəyli yüksək səviyyədə təşkil olunan budəfəki çempionat üçün Naxçıvan Şahmat Federasiyasına öz minnətdarlığını ifadə edib.

Qrossmeyster kişilər arasında Azərbaycan çempionu olmaqla yanaşı, Dünya Kubokuna vəsiqə qazandığını da vurğulayıb. O, ölkəmizi Dünya Kubokunda təmsil edəcəyi üçün sevincli olduğunu deyib: “Ümid edirəm ki, yarış pandemiya ilə əlaqədar təxirə salınmaz. 2019-cu ildə həmyerlimiz Teymur Rəcəbov turnirin qalibi olmuşdu. Yarışa hələ bir ay var. Bacardığım qədər yaxşı hazırlaşacağam”.
Bu xəbər oxucular tərəfindən 727 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed