Şrift:
“Biz Birlikdə Güclüyük: Azərbaycan-Türkiyə Gəncləri” adlı videokonfrans keçirilib
21.05.2021 [10:25] - Xəbərlər, Sosial
Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatı partiyanın fəal gəncləri və rayon ərazisində yerləşən ali məktəblərdə təhsil alan türkiyəli gənclərlə çağdaş Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün və müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin xatirəsinə həsr edilmiş “Biz Birlikdə Güclüyük: Azərbaycan -Türkiyə Gəncliyi” adlı videokonfrans keçirib.

YAP Nəsimi rayon təşkilatından may ayı Azərbaycan və Türkiyə xalqlarının tarixində çox əlamətdar aylardan biridir. Məhz may ayında bu iki qardaş xalq böyük sevgi və minnətdarlıqla çağdaş Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün və müasir müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin xatirəsini yad edirlər. Əsrlər ötəcək, qərinələr biri-birini əvəz edəcək, lakin xidmətləri ilə əbədiyaşarlıq qazanmış bu iki Öndər daima ehtiramla anılacaq. Qeyd etmək lazımdır ki, M.K.Atatürkün, həm də Heydər Əliyevin bütövlükdə türk xalqlarının qarşısında misilsiz xidmətləri olub.

Məhz XX əsrin əvvəlində M.K.Atatürkün və XX əsrin son onilliklərində isə ulu öndər Heydər Əliyevin əvəzolunmaz fədakarlıqları bu gün olduğu kimi gələcək nəsillər üçün də nümunədir. Atatürkün Azərbaycanın kədəri kədərimiz, sevinci isə sevincimiz fikirlərini XX əsrin 90-cı illərində Heydər Əliyev “Bir millət, iki dövlət” fikirləri ilə tamamlayaraq bizlər üçün, gələcək nəsillər üçün mükəmməl yol xəritəsi müəyyənləşdirib.

Bu mənada son 20 ilə nəzər salsaq, Azərbaycan-Türkiyə münasibətlərinin hər iki dövlətin liderlərinin öndərliyi ilə ən yüksək səviyyəyə çatdığının şahidi olarıq. Bu gün müstəqil Türk dövlətlərinin ildən-ilə biri-birinə daha sıx inteqrasiya etmə səbəbi də məhz Azərbaycan-Türkiyə qardaşlığının sarsılmazlığından qaynaqlanır. Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı tərəfindən mayın 20-də keçirilmiş “Biz Birlikdə Güclüyük: Azərbaycan-Türkiyə Gəncliyi” adlı tədbir də məhz bu iki qardaş xalqın gənclərinin bu gün və gələcəkdə birgə fəaliyyətinə və vəzifələrinə həsr olunub. Videokonfransda təqdim edilən video çarx da əbədi qardaşlığı və dostluğu təcəssüm etdirib.

Videokonfransda giriş sözü ilə çıxış edən YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı Azərbaycan-Türkiyə qardaşlığından və onun bugünkü vəziyyətindən ətraflı danışıb. O bildirib ki, 44 günlük Vətən müharibəsində Türkiyə, Türk xalqı, onun Prezidenti Rəcəb Tayyib Ərdoğan, eləcə də bütün dövlət rəsmiləri təcavüzkar Ermənistan dövləti ilə mübarizədə hər an Azərbaycan xalqının yanında olduğunu əməli fəaliyyətdə göstərərək bir daha sözün əsl mənasında bütün dünyaya qardaşlıq nümunəsi nümayiş etdiriblər. Millət vəkili Məlahət İbrahimqızı Türkiyənin Prezidenti R.T.Ərdoğanla Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev arasındakı sarsılmaz dostluq və qardaşlığın gələcək nəsillərə örnək olduğunu xüsusi vurğulayıb.

Videokonfransda Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı çıxış edərək dünyada və bölgədə getdikcə artan qlobal təhlükələrə qarşı mübarizədə Türkiyə-Azərbaycan gənclərinin vəzifələrindən və məsuliyyətindən danışıb.

Videokonfransda iştirak edən Günay Vəlizadə, Bekir Enes, Elxan Verdiyev, Benan Yücelik, Nailə Əhmədova, Kardelen Göksoy, Berkay Şahan, Fidan Həsənli və digər Türkiyə və Azərbaycan gəncləri çıxış edərək iki ölkə arasında əlaqələrin bundan sonra da bütün sahələrdə daha sürətlə inkişaf etdirilməsi üçün var qüvvələri ilə çalışacaqlarına söz veriblər.
Bu xəbər oxucular tərəfindən 466 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed