Şrift:
Misirdə 28 May – Respublika Günü münasibətilə tədbir keçirilib
26.05.2021 [09:35] - Xəbərlər, Siyasət
Azərbaycanın Misirdəki səfirliyində 28 May – Respublika Günü münasibətilə tədbir keçirilib. Qahirədə COVID-19 pandemiyası ilə bağlı kütləvi tədbirlərin keçirilməsinə məhdudiyyətlər səbəbindən mərasimə məhdud sayda iştirakçılar – diplomatik nümayəndəliyin əməkdaşları və diaspor nümayəndələri qatılıblar.

Tədbirdə çıxış edən Azərbaycanın Misirdəki səfiri Tural Rzayev xalqımızın builki dövlət bayramını torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün bərpa olunması şəraitində qeyd etdiyini bildirib. O vurğulayıb ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev xalqımızın ümummilli lideri Heydər Əliyevin vəsiyyətini yerinə yetirərək 44 günlük Vətən müharibəsində ərazilərimizi düşmən tapdağından azad etdi. İndi dünyanın müxtəlif ölkələrində, o cümlədən Misirdə yaşayan soydaşlarımız Qalib ölkənin nümayəndələri kimi böyük qürur hissi keçirir, Respublika Gününü də Zəfər əhval-ruhiyyəsi ilə qeyd edirlər.

Səfir qeyd edib ki, Azərbaycan dövləti işğaldan azad edilmiş ərazilərdə geniş bərpa-quruculuq işlərinə başlayıb. O diqqətə çatdırıb ki, artıq bundan sonra Misirdəki səfirliyin səyləri işğal altında olan torpaqlarımız haqqında həqiqəti çatdırmaq deyil, ölkəmizin uğurlarını, mədəniyyətini, iqtisadi imkanlarını təbliğ etməkdən ibarət olacaq. Bu məqsədlə son aylar diplomatik nümayəndəliyimiz tərəfindən “Made in Azerbaijan” brendli məhsulların təqdimatı, Azərbaycan rəssamlarının əsərləri və kitab sərgiləri, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş konfrans təşkil edilib.
Bu xəbər oxucular tərəfindən 356 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed