Şrift:
Azərbaycanın bayrağını və dilbər guşələrinin şəkillərini əks etdirən tramvay Haaqa küçələrində
01.06.2021 [10:03] - Xəbərlər, Siyasət
Azərbaycanın dilbər guşələrinin, eləcə də Şuşa və Ağdam şəhərlərinin səkilləri nümayiş olunan tramvay 3 ay yay müddətində Niderland Krallığının Haaqa şəhərinin küçələrində insanlara xidmət edəcək və ölkəmizi yerli sakinlərə tanıdacaq.

Ölkəmizlə bağlı bu layihə “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyi və Diasporla İş üzrə Komitəsinin dəstəyi ilə reallaşıb.

“Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyinin sədri Mayisə Ağamirzəyeva bildirib ki, Azərbaycanın dilbər guşələrinin əks olunduğu afişaları nümayiş etdirən tramvay Haaqanın ən sıx turist olan mərkəzi küçələrindən, eləcə də parlament, Sülh sarayı yerləşən küçələrdən keçir. Tramvay ilk gündən yerli sakinlərin diqqətini cəlb edib. Tramvay üzərində Azərbaycan haqqında daha ətraflı məlumat almaq üçün internet saytlarının ünvanları və QR kodu da yer alıb.

“Düşünürəm ki, artıq müharibə bitib və ölkəmizin dilbər guşələrini beynəlxalq ictimaiyyətə tanıtmalıyıq. Assosiasiyamızın üzvlərinin təşəbbüsü ilə bu layihəni irəli sürdük və Niderlandın ən çox oxunan qəzetində bu haqda məlumat verdik. Qarşıdan gələn 3 ay ərzində yerli sakinlər Azərbaycanın gözəl məkanları ilə tanış olacaqlar”, - deyə M.Ağamirzəyeva bildirib.

Qeyd edək ki, “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyi bir neçə gün əvvəl 28 May - Respublika Günü münasibətilə də yerli qəzetdə məlumat dərc etdirmişdi.
Bu xəbər oxucular tərəfindən 378 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed