Şrift:
Şəhid zabit Cavid Səfərlinin xatirəsi yad edilib
01.06.2021 [10:09] - ---
İmişlidən olan şəhid baş leytenant Cavid Səfərlinin doğum günündə xatirəsi yad olunub. Şəhidin məzarı ziyarət olunub, ruhuna dualar oxunub.

Torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksələn igidlərdən olan Səfərli Cavid Xaliq oğlunun bu gün doğum günüdür. O, 1993-cü il may ayının 31-də İmişli rayonunun Əliqulular kəndində anadan olub. Cavid Səfərli 2014-cü ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmətə başlayıb. Azərbaycan ordusunun baş leytenantı olan Cavid 2020-ci il sentyabrın 27-də Azərbaycanın ərazi bütövlüyünü bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Hadrut qəsəbəsinin, Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə fəal iştirak edib. Oktyabrın 21-də Xocavənd döyüşləri zamanı Düdükçü istiqamətində qəhrəmancasına şəhid olub və Əliqulular kəndində dəfn olunub.

Cavidin doğum günü münasibətilə İmişli rayon İcra Hakimiyyətinin məsul işçiləri, şəhidin ailəsi, məktəblilər, sakinlər tərəfindən şəhidin məzarı ziyarət olunaraq xatirəsi ehtiramla yad edilib və məzarı üzərinə gül dəstələri düzülüb.

Çıxış edənlər şəhidlərimizin əbədi ehtirama layiq olduğunu bildirərək Cavidin valideynlərinə Vətənimiz üçün gərəkli övlad böyütdükləri üçün təşəkkür edib və şəhid ailələri, Vətən müharibəsi iştirakçıları ilə bağlı dövlətin mühüm tədbirlər gördüyünü diqqətə çatdırıblar.

Şəhidimizin doğum günündə təhsil aldığı məktəbin müəllimləri və şagirdləri də iştirak ediblər. Məktəblilər tərəfindən hazırlanan ədəbi bədii kompozisiya nümayiş edilərək vətənpərvərlik ruhunda şeirlər söylənib.

Qeyd edək ki, vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Cavid Səfərli ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
Bu xəbər oxucular tərəfindən 201 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed