Şrift:
Bakı Ali Neft Məktəbində yeni ixtisaslar açılıb
01.06.2021 [10:32] - Gündəm, Mədəniyyət
Bakı Ali Neft Məktəbində (BANM) yeni ixtisaslar açılıb.

BANM-dən bildirilib ki, 2021/2022-ci tədris ili üçün bakalavriat səviyyəsinə kompüter mühəndisliyi ixtisası üzrə də tələbə qəbulu həyata keçiriləcək. Qəbul planı dövlət sifarişi üzrə 20, ödənişli əsaslarla 30 nəfər nəzərdə tutulub.

Qeyd edək ki, BANM-in bakalavriat səviyyəsinə ixtisasları üzrə ödənişli əsaslarla qəbul olanlar üçün minimal keçid balı 400 müəyyənləşdirilib. Təhsil haqqı 4500 manat təşkil edir. Eyni zamanda, yeni tədris ili üçün BANM magistratura pilləsi üzrə maliyyə, menecment və layihələrin idarəedilməsi üzrə biznesin təşkili və idarəedilməsi ixtisasları açıb. Hər bir ixtisas üzrə 25 nəfər qəbul planlaşdırılıb. Qeyd olunan ixtisaslar üzrə təhsil haqqı 5000 manat məbləğindədir. Təhsil digər ixtisaslarda olduğu kimi, həm bakalavriat, həm də magistratura pillələri üzrə ingilis dilində olacaq, müsabiqə Azərbaycan və rus bölmələri üzrə birgə aparılacaq.

Hazırda ali məktəbdə bakalavriat səviyyəsinə neft-qaz mühəndisliyi, kimya mühəndisliyi, proseslərin avtomatlaşdırılması mühəndisliyi, informasiya təhlükəsizliyi və biznesin idarə edilməsi ixtisasları, magistratura pilləsinə neft-qaz mühəndisliyi, kimya mühəndisliyi, proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasları üzrə qəbul həyata keçirilir.

Neft-qaz mühəndisliyi və kimya mühəndisliyi ixtisasları Böyük Britaniyanın Heriot-Vatt Universitetinin proqramı əsasında reallaşdırılır.

Ətraflı məlumatı SOCAR-ın Bakı Ali Neft Məktəbi İctimaiyyətlə əlaqələr şöbəsi (Ünvan: Xətai rayonu, Xocalı pr. 30), (+994) 12 521 33 54, (+994) 50 208 01 69 əlaqə telefonlarından və www.bhos.edu.az saytından əldə etmək olar.
Bu xəbər oxucular tərəfindən 380 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed