Şrift:
Fərəc Quliyev: Azərbaycan son illərdə bir çox sahələrdə regionda aparıcı faktor kimi özünü təsdiq edib
02.06.2021 [16:26] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
“28 May - Respublika Günü münasibətilə dünyanın aparıcı dövlətlərinin, nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərinin Azərbaycan Prezidentinə ünvanladıqları təbrik məktublarında ölkəmizin beynəlxalq siyasətdə oynadığı rol və dünyadakı nüfuzu bir daha təsdiq olunur”.

Bu fikirləri qəzetimizə açıqlamasında Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev deyib.

Partiya sədrinin sözlərinə görə, Prezident İlham Əliyevə göndərilən təbrik məktublarında həm xalqımıza, həm də dövlətimizə verilən yüksək dəyər öz əksini tapıb: “Təbii ki, dünyanın aparıcı ölkələrinin rəhbərləri ölkəmizin regiondakı rolunun və yerinin əhəmiyyətini qeyd etməklə yanaşı, Azərbaycanın yaratdığı yeni reallıqlara da dəstək ifadə edirlər. Çünki ölkəmiz regional əməkdaşlıq üçün etibarlı tərəfdaş olmaqla yanaşı, dünyanın, o cümlədən Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. ABŞ Prezidentinin məktubunda da bu istiqamətdə göstərilən birgə səylər, Azərbaycanın Avropanın enerji şaxələndirilməsinə verdiyi töhfələr yüksək qiymətləndirilir. Bu baxımdan, demək olar ki, Azərbaycan son illərdə bir çox sahələrdə regionda aparıcı faktor kimi özünü təsdiq edib”.

F.Quliyev deyib ki, Azərbaycan Prezidentinə ünvanlanan təbriklər bir neçə məqamı ilə seçilib: “Əvvəla, təbriklərdə yer alan müddəalarda erməni faşizmini məhv edərək bölgədə sabitliyi təmin edən dövlət başçısının nüfuzu və dövlətimizin oynadığı rol qabarıq göstərilir. İkinci tərəfdən, Azərbaycanın qlobal iqtisadi və humanitar layihələrdə liderliyi xüsusi qeyd edilir. Ən nəhayət, bu əlamətdar bayram ərəfəsində dövlətimizin yaratdığı yeni reallıqlar fonunda Prezidentimizin fəaliyyətinə verilən yüksək qiymət hər bir Azərbaycan vətəndaşını sevindirir”.

Qaşqay RAMAZANOV/Yeni Azərbaycan
Bu xəbər oxucular tərəfindən 640 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed