Şrift:
Həmişə eyni yaşda qalan Vətən əsgəri
03.06.2021 [11:21] - Xəbərlər, Sosial
O, iki bacının bir qardaşı, ailənin kiçiyi və ən sevimlisi idi. Uşaqlıqdan sapsarı saçları, göy gözləri ilə hamının diqqətini cəlb edirdi. Onu hamı çox sevir, əzizləyirdi.

Əbülhəsən Eyvazov Kürdəmir rayonunun Mollakənd kəndində doğulmuşdu. O hələ körpə ikən ailə üzvləri ilə birlikdə Bakının Nardaran kəndinə, bir müddət orada yaşadıqdan sonra Xətai rayonunun NZS qəsəbəsinə köçmüşdü.

Əbülhəsən böyüyüb məktəb yaşına çatdı, nizam-intizamı, ədəb-ərkanı ilə şagird dostlarının, müəllimlərinin hörmətini qazandı. 2014-cü ildə Xətai rayonundakı 165 nömrəli orta məktəbi bitirdikdən sonra həmin ilin oktyabrında həqiqi hərbi xidmətə çağırıldı.

Hərbi xidmətə gedəndə valideynləri onun üçün böyük bir yolasalma məclisi təşkil etmişdilər. Məclisdə əsl toy ab-havası vardı, sanki toyu olmayacaqmış kimi.

Komandirləri, əsgər yoldaşları Ağdam istiqamətində yerləşən hərbi hissədə qulluq edən Əbülhəsəndən razılıq edir, xətrini çox istəyirdilər. Hətta bölük komandiri Vətən məhəbbəti, yurd sevgisi ilə böyütdüyü övlada görə atası Balaş kişi ilə görüşmək istəyib, “onu boya-başa çatdıran, tərbiyə verən ataya minnətdarlıq edəcəyəm” demişdi. Komandirin dilindən belə xoş sözləri eşitmək atanın qəlbini iftixar hissi ilə doldurmuşdu.

2016-cı ilin aprelində hərbi xidmətini başa çatdırıb evə dönmək vaxtı çatanda Aprel döyüşləri başladı. O, Böyük Qələbənin müjdəçisi olan 4 günlük döyüşlərdə fəal iştirak edib. Evə qayıdanda xüsusi təşəkkürnamə ilə təltif edilib.

Əbülhəsən böyrək xəstəsi olan, fəhləliklə ailəsini dolandıran atasını ağır işlərə getməsinə istəmirdi: “İndiyədək çox əziyyət çəkmisən, indi sən dincəl, mən işləyəcəyəm” deyirdi. O, hər gün səhər tezdən yuxudan qalxıb Zığdakı çörək və un məmulatları istehsalı müəssisəsinə gedir, orada hazırlanan lavaşları Bakının müxtəlif yerlərində mağazalara paylayır, günortadan sonra digər iş yerinə - Bayıldakı ictimai-iaşə müəssisəsinə yollanır və gecə yarısı evə qayıdırdı. Çətinliklə başa gəlsə də, aylıq qazancı ilə ailənin büdcəsinə əməlli-başlı pul gətirirdi. Əbülhəsən evlənmək istəyirdi, sevdiyi qız da vardı. Ev tikdirməyə hazırlaşırdı...

Lakin Vətənin çağırışı onun arzularını yarımçıq qoydu. 2020-ci il sentyabrın 21-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai Rayon İdarəsindən gələn çağırışla səfərbərliyə alındı. Vətən müharibəsinin ilk günündən döyüşlərdə iştirak etdi. Atası Balaş kişi oğlunun arxasında orduya dəstək kampaniyasına qoşuldu. O, şəxsi avtomaşını ilə cəbhə bölgəsinə ərzaq daşıyır, qələbə naminə əlindən gələn köməkliyi göstərməyə çalışırdı. Füzulinin cəbhəyanı kəndlərində hamı onu arxa cəbhənin ən fəal könüllüsü kimi tanıyırdı. Əsgər atası burda həm də düşmənlə döyüşə girən oğlu haqqında məlumat əldə edə bilirdi.

Ailəsi Əbülhəsənlə sonuncu dəfə sentyabrın 28-də danışıb: “Hər şey yaxşıdır, heç bir çətinlik yoxdur. Buraların təbiəti çox xoşuma gəlir, gözəl yerlərdi, müharibə başa çatandan sonra torpaq alıb burada qalacağam”.

Bu, Əbülhəsən Vətən müharibəsi günlərində son zəngi, sən telefon danışığı olur...

Həmin zəngdən bir gün sonra Balaş kişi həm oğlundan xəbər tutmaq, həm də əsgərlərimizə dəstək olmaq üçün yenidən cəbhəyə yollanıb. Füzuli istiqamətində gedən qızğın döyüşlər vaxtı oğlu barədə heç bir məlumat ala bilməyən Balaş Eyvazov narahat olmağa başlayıb. Qoşunların təmas xəttindəki mövqelərə gedib-gələn döyüşçülərdən onun haqqında heç bir məlumat öyrənə bilmir. Balaş kişi hərbçilərlə birlikdə axtarışa çıxıb. Yalnız düşmən qüvvələri məğlubiyyətə uğrayıb, geri çəkildikdən sonra irəliyə getmək, döyüş meydanında qəhrəmancasına həlak olan əsgər və zabitlərin nəşini oradan çıxarmaq mümkün olub. Oktyabrın 28-də döyüş mövqeyindən çıxarılan şəhidlərin arasında ata öz oğlunu tanıyıb. Əbülhəsən son nəfəsinədək düşmənlə vuruşmuş, canını torpaqlarımızın azadlığı uğrunda fəda etmişdi.

Oktyabrın 29-da onun nəşini Bakıya gətiriblər. Ertəsi gün vətən fədaisi Suraxanı rayonu ərazisindəki “Dədə Qorqud” qəbiristanlığında dəfn edilib.

Ölümündən sonra ”Cəbrayılın azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif olunub.

Noyabrın 1-i ad günü idi. Lakin o, 24 yaşını çox sevdiyi ana torpağın qoynunda qarşıladı. Ailə üzvləri, qohumları, dost-tanışları, qonşuları, iş yoldaşları və hətta onu tanımayanlar bundan sonra noyabrın 1-ni Əbülhəsən əziz xatirəsini onsuz qeyd edəcəklər. Özü isə həmişə bu yaşda qalacaq və əlində avtomat qara mərmər lövhədən boylanacaq...
Bu xəbər oxucular tərəfindən 635 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed