Şrift:
Misirli nazir sürətlə artan ölkə əhalisinin əsas problemini açıqlayıb
07.06.2021 [14:49] - Xəbərlər, Sosial
Misirin su ehtiyatları və irriqasiya naziri Əbdül Antti bəyan edib ki, 2050-ci ilədək ölkə əhalisinin sayı daha 75 milyon nəfər artacaq və vətəndaşların əsas problemi su təchizatı olacaq.

Nazir içməli su ehtiyatlarının azalması, iqlim dəyişikliyi və dəniz səviyyəsinin artması ilə bağlı təcili tədbirlər görülməli olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, illik su ehtiyatı 60 milyard kubmetr olan Misir yaxın gələcəkdə ciddi problemlərlə qarşılaşa bilər. Hazırda 100 milyondan çox əhalisi olan ölkənin əsas su mənbəyi Nil çayıdır. Yağış və səhrada qazılmış drenaj suları əhalinin illik 114 milyard kubmetr olan tələbatının cüzi hissəsini təmin edir. Bu səbəbdən Misir hər il 34 milyard kubmetr içməli su idxal edir.

O qeyd edib ki, yaranmış mürəkkəb vəziyyətdən çıxmaq üçün hökumət 2037-ci ilədək olan dövrdə 900 milyard Misir funtu dəyərində su ehtiyatlarının idarə olunması layihəsi hazırlayır. Əlavə edib ki, hazırda ən böyük problem Efiopiyanın Nil çayı üzərində inşa etdiyi Böyük Renessans Bəndinin ikinci dəfə su ilə doldurlmasıdır. Əddis-Əbəbənin bu məsələdə Sudan və Misirlə apardığı danışıqlar nəticəsiz qalıb və ölkələr bəndin istifadəyə verilməsinin su qıtlığına səbəb olacağından narahatdırlar.

“Misir Nil hövzəsi və Afrika ölkələrinin inkişafını dəstəkləyir, lakin Efiopiyanın birinci mərhələdə bəndə 4,9 milyard kubmetr su doldurması, indi isə bu daha 13 milyard kubmetr əlavə etməsi planı həm bizim ölkəmizdə, həm də Sudanda su qıtlığına səbəb ola bilər”, - deyə nazir qeyd edib.
Bu xəbər oxucular tərəfindən 581 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed