Şrift:
Vətən aşiqi - Qulamrza Səbri Təbrizi
06.12.2012 [10:18] - Mədəniyyət, Güney Azərbaycan-Təbriz
Bəşəriyyətin özü ilə yaşıd olan ədəbiyyat sahəsi bütün inkişaf mərhələlərinin canlı salnaməçisi kimi keçmişi və bu günü bir nöqtədə birləşdirə bilir. Ədəbiyyat özünün tarixi dövrlərində özündən əvvəl yaranmış təfəkkürün,düşüncə tərzinin formalarından və dillərindən bütövlükdə istifadə etmişdir. XXI əsrin ilk onilliyində baş verən hadisələrin, eyni zaman texniki tərəqqinin demək olar ki, işıq surətiylə inkişaf etməsi dövründə poeziya və təbiət, əxlaqda və mənəviyyatda oynadığı müstəsna rol Cənubi Azərbaycan poeziyasında öz yerini tapmışdır.

Şer ve şair haqqında yazmaq çox çətindir. Musiqi kimi şer də ürəklərdə elə qəribə hisslər yaranmasına, elə titrəyişlər əmələ gəlməsinə səbəb olur ki, bunu sözlə təsvir etmək mümkün deyil. Şerin valehedici xüsusiyyətlərini açıb şərh etmək, ürəkləri, hissləri bu qədər tez fəth etməsinin sirlərini söyləmək yenə də şer vasitəsilə daha gözəl olar.

Müasir informativ və intellektual inkişafda texniki tərəqqinin etdiklərini Şimali Azərbaycanda poeziya mənəviyyat və əxlaq sahəsində edir. Şimallı-Cənublu Azərbaycanın sevilən dünya şöhrətli alim, görkəmli şair və ədəbiyyatşünas, Edinburq Universitetinin professoru Qulamrza Səbri-Təbrizinin “Yaranış” kitabı özündə bütün bir şeir toplusu qədər özündə böyük bir fəlsəfəni əks etdirir.

Vətənpərvər və xalqsevər hər bir sənətkarın fəaliyyəti yalnız irəli sürdüyü fikir və ideyaların böyüklüyü, qabaqcıllığı ilə deyil,bir də zamanın şəraiti ilə, hansı maneələri aradan qaldırması, hansı müqavimətləri qırıb hansı əks-qüvvələrlə mübarizəyə girişməsi ilə ölçülür.

Məhz bu kitabı oxuyan zaman Səbri Təbrizi bizim nəzərimizdə nəhəng bir mübariz kimi canlanır. O, mütərəqqi ideyaların ən fəal carçılarından biridir. O, yorulmadan, hər dəfə yeni söz taparaq, yeni bir ilham və qüvvətlə “Yaranışın” fəlsəfəsini açıqlayır.

Kitabda biz “Yaranış” aləminin xülasə şəkildə mütaliəsi bizi aşkar bir həqiqətdən xəbərdar edir: Varlıq aləmi başdan-başa mövcudların təkamül və tərbiyə beşiyidir. Məsələn, günəşin hərarətli şüaları dəniz və okeanların üzünə yayılır. Onun istiliyi suyun bir hissəsini buxar şəklində havaya qaldırır. Küləklər həmin buxarı quraqlıqlara doğru qovur. Bu buxar bəzi təbii proseslərdən sonra yağış damlalarına, qar dənəciklərinə çevrilərək təkrar yer üzünə qayıdır. Beləcə, quru torpaq yenidən cana gəlir. Yer öz aram hərəkəti ilə öz batinindəki sirləri bayıra çıxarır, çöllər və düzlər yaşıllığa bürünür. Bir az əvvəl ölüm qoxusu gələn quru torpaqlarda güllər, sünbüllər, otlar, ağaclar göyərir, şəlalərin zümzüməsi, bülbüllərin könül oxşayan səsi, gül-çiçəklərin ətri həyata yeni bir rövnəq verir. Biz bunu professorun “Kaş olaydim” şeirində aşkar görə bilirik:

Kaş olaydim qocalmayan,
solmayan meyvə ağacı
Sirab edəydim meyvələrimi sevgili millətim üçün.
Vətən, millət sevgisindən gözəl
Nə var dünyada.
Kaş bütün ömrümü –
Millət yolunda fəda edə biləydim.

Qulamrza Səbri Təbrizi sözünü birbaşa,müstəqil deyən,yalnız düşündüklərini söyləyən bir şairdir.O müasir Azərbaycan poeziyamızda, poeziyaya gəldiyi gündən şeirləri ilə hay-küysüz, sakit,təmkinli, həlim, zərif və xəfif titrəyişi gətirmişdir. Şair hər yerdə həqiqət axtaran azad bir insan kimi çıxış edir. O, “Yaranışında” yer alan “Dözə bilmirəm haqsızlıqlara” şeirində dünyaya meydan oxuyur:



Dözə bilmirəm haqsızlıqlara
Vətənimin bir tərəfində azadlıq
O biri tərəfində köləlik hökm sürür,
Görə bilmir gözlərim
Bu dəhşətli fərqləri.
Qəhr oluram –
Dözə bilmirəm haqsızlıqlara

Professor Təbrizinin şeirlərində özünəməxsusluq onun sözə münasibətindəki orijinal yanaşmadan başlayır. O, dəfələrlə işlənən bədii təsvir vasitələrinə, təşbehlərə yenidən müraciət edəndə deyilənləri təkrar eləmir, yenisini yaradır. Həm də obyekti, nəsnəni mənalandırarkən onda yeni çalarları görməyi və bunları şeirə gətirməyi bacarır. Onun “Sevən ruh” şeiri özündə bir yenilik daşıyır. Bu şeirdə şair poeziya aləmində az rast gəlinən mövzunu gündəmə gətirir:



Heç vaxt ölməz
millətini sevən ruh
Yaşar ağaclarda,
dağlarda-daşlarda,
Ürəklərdə, çiçəklərdə, güllərdə.
Buna görə mən sevirəm xalqımı,
Buna görə sevinirəm onların
Gözəl, azad gələciyinə.

Qırx ildən artıqdır ki, Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün dünyanı dolaşan, "Azərbaycanın daşı, torpağı da anamın dilində danışır" deyən əsl ziyalı, xalqının mənafeyini qoruyan və onu hər yerdə ləyaqətlə təmsil edən görkəmli alimdir Qulamrza Səbri Təbrizi. Təbrizi, Şuşanı, Bakını, İrəvanı doğma şəhəri sayan Təbrizinin “Sənə söz verirəm, Şuşam” şeiri qarabağlılarla yanaşı bütün dünya azərbaycanlıları üçün bir şüar kimi səslənə bilər:



Qarabağın dilbər guşəsi –
Şuşanın işğalından.
İyirmi il keçdi,
Ay gözəl yurdum Şuşa.
Gecələr yatmadım sənin fikrindən,
Erməni cəlladları əlində
Can verirsən.
Dünyanın gözü qarşısında.
Cinayətlərə şahid olursan.
Amma söz verirəm sənə,
Gözəl Şuşam!
Siləcəyəm göz yaşını öz əllərimlə
Ömrümdən bir gün də qalsa,
Səni azad edəcəm.
Səninlə birgə bütöv
Vətənimi azad edəcəm.
Sənin üstündən keçərək
Təbrizə gedəcəm.

Xalq şairi Balaş Azəroğlu Səbri Təbrizi haqqında dediyi sözlər-“Bu insan ömrünü vətəninə və millətinə həsr edən bir insan olduğunu dəfələrlə sübut edib. İstər humanistliyi, istərsə də vətənpərvərliyi çoxları üçün örnəkdir".-şairin necə bir vətəndaş olmasınıb bariz nümunəsidir. Şeirlərində vətəni hər dəfə xatırlayan Professorla söhbət edərkən onun vətən üçün necə yandığını aşkar görmək mümkündür. O, bir türk tarixinin canlı əfsanəsidir. O, tarixdə Atilla, Çingiz xan, Şah İsmayıl kimi imza qoyan bir alimdir. O, türk olma qürurun daşıyan seçilən şəxslərdən biridir. Türk kimliyi ilə necə fəxr etməsini biz onun “Türk Millətinə” adlı şeirinə nəzər salaraq görə bilərik:


Qəhrəman türk milləti
Həmişə tikan olub
Düşmənlərin gözündə.
Az yeyib, çox yedirdib.
Hər zaman rəhm edib düşmənə.
İndi Avropanın hər şəhərinə gedirsən
Türkün qonaqpərvərliyindən
Cürbəcür əhvalatlat danışırlar.
Eşidəndə ki, türksən
Hotellərdə yuxarı başa çəkirlər
Qabağa salırlar hörmətlə.
İndi Türkiyə məhəbbət məmləkəti
Məhəbbət mərkəzidir

Qulamrza Səbri-Təbrizinin “Yaranış” kitabı bir çoxları üçün şeir kitabıdır, bəziləri üçün vətənpərvərlik dərsidir, filosoflar üçün bir yeni “Vəhdət əl Vücud” fəlsəfəsi haqqında mükkəməl bir dərslikdir, bəziləri üçün də məhəbbətlə yoğrulan bir dastandır. Bir həqiqət var, Professor Təbrizi XXI əsr Azərbaycanın alimi, şairi, lideri və filosofudur. O, canlı bir qəhraman, yaşayan bir tarixdir. Bunu özü də “Məhəbbət şairiyəm” şeirində belə izah edir:




Şadam ki,
məhəbbət şairiyəm,
Şadam ki,
vətən sevdalısıyam.
Şadam ki, analara, körpələrə xadiməm.
Şadam ki, ömrümü ana vətənə,
Dilimə qurban verməyə hazıram
Zaur Əliyev
Bu xəbər oxucular tərəfindən 2172 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed