Şrift:
Sanitar-gigiyenik normaların qorunması diqqət mərkəzində saxlanılır
18.06.2021 [10:12] - Gündəm, Sağlıq
Muxtar respublikada fəaliyyət göstərən dövlət uşaq müəssisələrində il ərzində Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın ekspert qrupu tərəfindən monitorinqlər keçirilir, həmin müəssisələrdə sanitar-gigiyenik normaların qorunması da diqqət mərkəzində saxlanılır.

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komi bildirilib ki, bu sözləri Ordubad Rayon Təhsil Şöbəsində sanitar-gigiyenik vəziyyət ilə bağlı keçirilən maarifləndirici seminarda çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının rəhbəri Eltun Həziyev deyib. Rayonda fəaliyyət göstərən uşaq müəssisələrinin, o cümlədən ümumtəhsil məktəblərinin, məktəbəqədər və məktəbdənkənar təhsil müəssisələrinin nümayəndələrinin iştirakı təşkil edilən tədbirdə Elton Həziyev bildirib ki, maarifləndirici seminar həmin müəssisələrdə sanitar-gigiyenik normaların daha da təkmil qorunmasını, aparılan işlərin daha da yüksək səviyyədə görülməsini təmin etmək üçün müasir metodların tətbiqi baxımından əhəmiyyətlidir. Vurğulanıb ki, müvafiq sahədə sanitar-gigiyenik vəziyyətə məsul olan şəxslər öz işlərinə biganə yanaşdıqda Azərbaycan Respublikasının sanitariya qanunvericiliyini pozmağa görə məsuliyyət daşıyırlar.

Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinin Ümumtəhsil məktəbləri və liseylərlə iş üzrə şöbəsinin müdiri Abdulla Əsgərov qeyd edib ki, bütün təhsil müəssisələrində təhsilalanlar Səhiyyə Nazirliyi tərəfindən tibb xidməti ilə təmin olunublar. Bir sıra ümumtəhsil məktəblərində isə ayrıca tibb işçiləri fəaliyyət göstərirlər. Müvafiq müəssisələrdə tibb xidməti müəssisənin iş rejiminə uyğun şəkildə təşkil edilir. Təhsilalanların profilaktik müayinəsi, peyvəndlərin aparılması müəssisə rəhbərliyi ilə əvvəlcədən razılaşdırılmış qrafik əsasında həyata keçirilir. Abdulla Əsgərov hazırda əhalinin, xüsusən məktəbyaşlı uşaqların sağlamlığının qorunmasından, onların müayinə və müalicəsinə göstərilən diqqətdən, dispanserizasiyanın təşkilindən geniş bəhs edib.

Ümumtəhsil məktəblərində və məktəbəqədər təhsil müəssisələrində olan sanitar-gigiyenik vəziyyət barədə ətraflı məlumat verən Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzinin Sanitar-gigiyena şöbəsinin müdiri Elxan Orucəliyev çıxışında bildirib ki, uşaqların hərəki fəaliyyəti üçün müvafiq şərait yaradılmalı, uşaqlar üçün binada və onun həyətində kifayət qədər sahə olmalıdır. Dərs ilinin əvvəlində və hər tətildən sonra tibb bacısı tərbiyəçilərlə birlikdə 2-3 gün ərzində bütün uşaqları profilaktik baxışdan keçirməlidirlər.

Sonda tədbir iştirakçılarına müvafiq sahə ilə əlaqədar hazırlanmış bukletlər paylanılıb.
Bu xəbər oxucular tərəfindən 1149 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed