Şrift:
DİM dövlət qulluğunda ehtiyat kadrlar siyahısına daxil edilmiş şəxslərə müraciət edib
24.06.2021 [11:13] - Gündəm, Bildiriş
Müsabiqədən müvəffəqiyyətlə keçmiş, lakin vəzifəyə təyin edilməmiş, habelə dövlət orqanının ləğvi və dövlət qulluqçularının sayının və ya ştatların ixtisarı ilə əlaqədar dövlət qulluğuna xitam verilmiş şəxslər dövlət qulluğunda ehtiyat kadrlar siyahısına daxil edilirlər. Ehtiyat kadrlar dövlət orqanlarında analoji vakant vəzifələrə (tutulma şərtləri uyğun olan vəzifə) təyin edilirlər.

Dövlət qulluğunda ehtiyat kadrlarla işin səmərəliliyinin və effektivliyinin artırılması məqsədilə Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən xüsusi proqram təminatı - Ehtiyat Kadrların Elektron Sorğu Sistemi yaradılıb.

DİM-dən bildirilib ki, sistem vasitəsilə ehtiyat kadrlar barədə məlumatların təyinat məsələsinə baxılması üçün onlayn qaydada təqdim edilməsi, ehtiyat kadrların anket məlumatlarının tamlığı, düzgünlüyü və mütəmadi yenilənməsi, habelə onların vakant analoji vəzifələrə təyin edilməsində operativlik təmin ediləcək.

Ehtiyat kadrlar şəxsi kabinetlərinin istifadəçi adı (FIN kod) və parolunu müvafiq hissələrə daxil etməklə sistemə giriş edə və anket məlumatları ilə tanış ola bilər, habelə düzəliş və əlavələrə ehtiyac olduğu təqdirdə Mərkəzin məsul şəxsinə elektron qaydada bildiriş göndərməklə anket məlumatların düzgünlüyünü təmin etmək mümkündür. “Şəxsi kabinet”i olmayan ehtiyat kadrlar linkə (https://ekabinet.dim.gov.az//) daxil olmaqla “Şəxsi kabinet” yarada bilərlər.

Eyni zamanda, sistemdə “İstəklərim” adlı bölmə yaradılıb. Ehtiyat kadrlar həmin bölmədə işləmək arzusunda olduğu dövlət orqanı, vəzifə (adı və təsnifatı daha aşağı olan vəzifə), şəhər və rayon barədə məlumatları daxil etməli, onunla bağlı iş aparılmasını istəmədiyi halda isə müvafiq qeydləri etməlidirlər.

Xatırladaq ki, anket məlumatların tamlığı və aktuallığı ehtiyat kadrların analoji vakant vəzifələrə təyinatlarında mühüm rol oynayır. Ehtiyat kadrlar daxil etdikləri məlumatların düzgünlüyünə bilavasitə cavabdehlik daşıyırlar. Qeyd edilənləri nəzərə alaraq, ehtiyat kadrlara anket məlumatları doldurarkən diqqətli olmaları tövsiyə olunur.

Ehtiyat Kadrların Elektron Sorğu Sisteminə bu linkdən (https://eservices.dim.gov.az/dqmelumat/ehtkadrn/sorgu.aspx) və ya Mərkəzin internet saytında Aktual İstiqamətlər > Dövlət qulluğu > Ehtiyat kadrlar bölməsindən daxil olmaq mümkündür.

Sistemdən istifadə zamanı yaranan texniki problemlərlə bağlı namizədlər (012) 310 53 16 (daxili 1516) nömrəsinə zəng edə və ya m.mustafayev@dim.gov.az poçtuna yaza bilərlər. Digər məsələlərlə bağlı isə (012) 465 87 93 (daxili 119;130) nömrələri və k.salimova@dim.gov.az poçtu ilə əlaqə saxlamaq olar.
Bu xəbər oxucular tərəfindən 1318 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed