Şrift:
“Dubay Ekspo 2020” ümumdünya sərgisindəki Azərbaycan pavilyonunun təqdimatı olub
25.06.2021 [11:25] - Xəbərlər, İqtisadiyyat
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay əmirliyində keçiriləcək “Ekspo 2020” ümumdünya sərgisində Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Azərbaycanın da pavilyonu təmsil olunacaq. Sərgi bu il oktyabrın 1-dən 2022-ci il martın 31-dək davam edəcək.

İyunun 25-də Heydər Əliyev Mərkəzində “Dubay Ekspo 2020”dəki Azərbaycan pavilyonu təqdim edilib.

Ölkəmizin beynəlxalq sərgilərdə iştirak təcrübəsini, o cümlədən son illərdə Milan, Antalya və Astanada keçirilən ekspo sərgilərində milli pavilyonla uğurla təmsil olunmasını nəzərə alsaq, budəfəki pavilyonumuzun da ziyarətçilərin böyük marağına səbəb olacağı gözlənilir.

Azərbaycan sərgidə “Gələcəyin toxumları” mövzusu ilə təmsil olunacaq. Bu mövzu yaşadığımız dünyanın və mühitin dayanıqlı inkişafda yeganə yolunun gələcəyə sərmayə yatırımlarına bağlı olduğunu vurğulayır. Pavilyonun konsepsiyası dəyişikliyin subyekti və obyekti, təşəbbüskarı və əsas aparıcı qüvvəsi olan insan kapitalını əks etdirir və “Dubay Ekspo 2020”nin” Düşüncələri birləşdirək, daha yaxşı gələcək quraq” mövzusu ilə sıx əlaqəlidir.

Üçmərtəbəli, ağac və onun budaqları formasını xatırladan pavilyonumuzun konsepsiyası təsdiq edir ki, yalnız insan kapitalının inkişafı ilə dayanıqlı gələcəyə nail olmaq mümkündür. Pavilyonda installyasiya, audio və video materialların vasitəsilə ölkəmizin landşaftının müxtəlifliyi əks olunacaq, Azərbaycan qlobal biomüxtəlifliyinin bir hissəsi olduğu göstəriləcək.

Pavilyondakı təqdimatlarla gənc, müstəqil Azərbaycanın ətraf mühitin mühafizəsi, iqtisadiyyatın şaxələndirilməsi, insan kapitalına sərmayə yatırımı və dayanıqlı inkişaf kimi qlobal məsələlərdə böyük uğurlara imza atdığı nümayiş etdiriləcək.

Xatırladaq ki, Azərbaycan Respublikasının “Dubay Ekspo 2020”də iştirakı barədə müqavilə 2017-ci ilin noyabrında imzalanıb. “Dubay Ekspo 2020”nin ötən il keçirilməsi nəzərdə tutulsa da, pandemiya səbəbindən təxirə salınmışdı.

Beynəlxalq sərgidə 190 ölkə təmsil olunur.

Ekspo çərçivəsində Azərbaycan milli günü, eləcə də ümumdünya sərgisinin davam etdiyi müddətdə pavilyonumuzda müxtəlif sahələri əhatə edən ayrı-ayrı tədbirlərin təşkili nəzərdə tutulur.
Bu xəbər oxucular tərəfindən 371 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed