Şrift:
Azərbaycan ərazisində terror-təxribat cinayətləri törədən Ermənistan silahlı dəstələrinin üzvlərinin növbəti məhkəməsi keçirilir
25.06.2021 [11:26] - Xəbərlər, Hüquq
İyunun 25-də Bakı Ağır Cinayətlər Məhkəməsində 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatla atəşkəsin elan olunmasından sonra Azərbaycan Respublikasının ərazisinə qanunsuz olaraq gizli yollarla keçib Xocavənd rayonunun Hadrut qəsəbəsinin şimal-qərb hissəsində meşəlik ərazidə mövqe tutaraq hərbi qulluqçularımıza və mülki şəxslərə qarşı terror-təxribat və digər cinayət əməlləri törədən erməni silahlı dəstələrinin üzvlərinin cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilir.

Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə bu cinayət işi üzrə təqsirləndirilən 14 nəfərin - Avakyan Qraç Arzumanoviç, Serobyan Geğam Samveloviç, Baqasyan Armen Yegizari, Qasparyan Qor Vaqramini, Sefilyan Kamo Karenoviç, Hakobyan Volodiya Vaçaqani, Asetryan Gevorq Norairoviç, Yenqoyan Sisak Qrişai, Petrosyan Albert Kamoyeviç, Sedrakyan Romik Misakini, Minasyan Aram Qarnikoviç, Minosyan Mkrtıç Simonoviç, Matesyan Edqar Vaçaqanoviç və Karapetyan Yuri Tiqranoviçin terror-təxribat cinayətləri ilə bağlı cinayət işinə baxılır.

Xatırladaq ki, 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli Bəyanatla atəşkəsin elan olunmasından sonra Azərbaycan Respublikasının ərazisinə qanunsuz olaraq gizli yollarla keçib Xocavənd rayonunun Hadrut qəsəbəsinin şimal-qərb hissəsində meşəlik ərazidə mövqe tutaraq hərbi qulluqçularımıza və mülki şəxslərə qarşı terror-təxribat və digər cinayət əməlləri törədən erməni silahlı dəstələrinin Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən 2020-ci il dekabrın 13-də keçirilmiş antiterror əməliyyatı nəticəsində tərk-silah edilmiş üzvləri barəsində cinayət işinin istintaqı DTX-nin İstintaq Baş İdarəsində aparılıb.

İstintaqla müəyyənləşdirilib ki, Ermənistan Respublikasının vətəndaşlarından ibarət bir qrup şəxs qanunsuz şəkildə odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə edərək qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələr yaratmışlar. Həmin birləşmələrin üzvləri 2020-ci il noyabrın 26-27-də Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq mütəşəkkil dəstə halında keçməklə Xocavənd rayonunun Hadrut qəsəbəsinin şimal-qərb hissəsində meşəlik və digər ərazilərində döyüş mövqeləri tutaraq 2020-ci il dekabrın 13-dək ölkə ərazisində yerləşən müəssisə, idarə, təşkilatlara, habelə ayrı-ayrı şəxslərə silahlı basqınlar edib, ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, Azərbaycan Respublikasının dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və digər terror əməlləri törədiblər.

Bu faktlarla bağlı qanunsuz silahlı birləşmənin üzvləri Avakyan Qraç Arzumanoviç, Serobyan Geğam Samveloviç və digərlərinin, ümumilikdə 14 təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1-ci, 214.2.3-cü (terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 228.3-cü (mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və gəzdirmə), 279.2-ci (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların tərkibində müəssisələrə, idarələrə, təşkilatlara və ya ayrı-ayrı şəxslərə basqın etmə) və 318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunurlar.
Bu xəbər oxucular tərəfindən 1838 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed