Şrift:
AŞPA-da erməni diasporunun erməni xalqını manipulyasiya etmək cəhdlərindən danışılıb
25.06.2021 [11:37] - Xəbərlər, Siyasət
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasının son günündə çox vacib məsələ - Avropada və dünyada diasporların rolu və fəaliyyəti mövzusu ətrafında müzakirələr aparılıb.

Azərbaycanın yaratdığı yeni reallıqlar, torpaqlarımızın azad edilməsi, Qarabağda sülh, əmin-amanlıq kimi tamamilə yeni proseslər başlayıb. Azərbaycanın yaratdığı reallıq Avropada dərk edildikcə, AŞPA-da danışıq tərzimiz də dəyişir.

Bu fikirləri AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov müsahibəsində bildirib.

S.Seyidov deyib ki, AŞPA-nın bu iclasında erməni mənşəli Azərbaycan vətəndaşlarının Fransada, Rusiyada, ABŞ-da olan erməni diasporunun əlində girov kimi saxlanılması, onların manipulyasiya edilməsi məsələsini qaldırdım. Bildirdim ki, böyük ölkələrin paytaxtlarında yaşayan varlı, geniş əlaqələri olan erməni diasporu erməni xalqının maraqlarını nəzərə almadan, onlara mənfi, məkrli təsir göstərir. Məqsədləri yenə də xalqları üz-üzə qoymaq, münaqişəyə cəlb etməkdir.

“20 ildir ki, AŞPA-da Azərbaycanın maraqlarını, mövqeyini müdafiə edirik. Azərbaycanın milli maraqları bütün etnik qrupların sülh şəraitində yaşamasıdır.

Erməni əsilli Azərbaycan vətəndaşları bunu nə qədər tez başa düşsələr, regionda o qədər də tez əmin-amanlıq bərqərar olacaq. AŞPA parlamentarilərinə təəccüblü gəldi ki, Azərbaycan nümayəndə heyətinin rəhbəri erməni mənşəli Azərbaycan vətəndaşlarını müdafiə edir. Düzdür müdafiə edirik, ölkəmizdəki bütün etnik qrupların nümayəndələrinin hüquqlarını müdafiə edirik”, - deyə S.Seyidov bildirib.

O qeyd edib ki, bu təşkilatda əvvəllər Azərbaycanın yaratdığı reallığı, yeni geosiyasi mənzərəni sanki görmürdülər, anti-Azərbaycan çıxışlar edirdilər. Əvvəllər Azərbaycanla bağlı mənfi mövqe nümayiş etdirən deputatların əksəriyyəti indi obyektiv yanaşma göstərirlər. Ermənistanın mina xəritələrini verməsi ilə bağlı həmin deputatlar reallığı görüb Azərbaycanın bəyanatına imza atdılar.

Avropa Şurasının Baş katibi, digər səlahiyyətli üzvləri və Azərbaycan üzrə həmməruzəçisi minalarla bağlı Azərbaycanın mövqeyini dəstəklədilər. AŞPA bəyanatımızı dərhal saytında yerləşdirdi, Nazirlər Komitəsinə yazılı təqdim etdiyimiz sual dərhal qəbul olundu və araşdırılmaq üçün nəzarətə alındı. Artıq proses yeni istiqamətdə gedir.

Nümayəndə heyətimizin rəhbəri qeyd edib ki, Azərbaycanın haqq sözü yavaş-yavaş, ancaq məntiqlə, israrla qəbul olunmağa başlayır. Ölkəmizin regionda yaratdığı reallığın artıq bu təşkilatda qəbul edildiyinin şahidi oluruq. Bu proses növbəti sessiyalarda da davam etdiriləcək, ölkəmizin yaratdığı reallıqlar geniş formada təşviq olunacaq.

Ermənistanda baş verən hadisələr ona dəlalət edir ki, artıq erməni xalqı başqa yolun olmadığını anlayır. Onlar bunu nə qədər tez dərk etsələr, bir o qədər də tez problemlərdən qurtulacaqlar.

Səməd Seyidov bildirib ki, yay sessiyasının ilk günlərində erməni nümayəndə heyətinin bəzi üzvləri isterik şəkildə Azərbaycana qarşı ittihamlar yürütməyə cəhd etdilər. Ancaq sessiyanın son günündə “Avropada diaspor siyasəti” məruzəsi ilə bağlı müzakirələrə erməni nümayəndə heyətinin üzvləri qatılmayıb. Çünki onların davranışı artıq qəbul olunmur, xüsusilə də söylədikləri reallığı əks etdirmir. Onların deməyə arqumentləri, sözləri yoxdur. Üstəlik, onlar artıq Ermənistan parlamentində təmsil olunmurlar, erməni xalqı da onlardan imtina edib.
Bu xəbər oxucular tərəfindən 305 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed