Şrift:
Bu gün Xalq artisti Həsən Seyidbəylinin anım günüdür
25.06.2021 [11:42] - Xəbərlər, Mədəniyyət
Azərbaycan incəsənətinin görkəmli nümayəndələrindən olan Xalq artisti Həsən Seyidbəylinin yaradıcılığı hər zaman sənətşünasların diqqət mərkəzində olub və zaman-zaman onun sənət dünyası tədqiqat obyektinə çevrilib.

Bu gün görkəmli kino xadiminin vəfatından 41 il ötür.

Milli Azərbaycan kinosunun inkişafında xüsusi yeri olan, öz adını uğurlu filmləri ilə Azərbaycan kino salnaməsinə qızıl hərflərlə yazdıran kinorejissor, ssenarist, Xalq artisti Həsən Seyidbəyli 22 dekabr 1920-ci ildə Bakı şəhərində anadan olub. Həsən Seyidbəyli 1938-1939-cu illərdə Leninqrad Kino Mühəndisləri İnstitutunda, 1943-1951-ci illərdə Moskva Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinorejissorluq fakültəsində təhsil alıb. “Azərbaycanfilm” kinostudiyasında kinorejissor, 1963-1980-cı illərdə Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi və sədri vəzifəsində işləyib.

Həsən Seyidbəylinin “İmtahan”, “Qızıl axtaranlar”, “Bağlı qapılar” adlı dram əsərləri Azərbaycanda və xaricdə səhnəyə qoyulub. “Telefonçu qız” povesti, “Cəbhədən-cəbhəyə”, “Tərsanə”, “Çiçək”, romanları, “Dəniz cəsurları sevir”, Sən nə üçün susursan” (Hər ikisi İ.Qasımovla birgə) pyeslərinin, “Uzaq sahillərdə” (İ.Qasımovla birgə) əsərinin müəllifidir. Filmləri ümumittifaq kino festivallarında mükafat və diplomlara layiq görülüb. “Bizim Cəbiş müəllim”, “Nəsimi”, “Qızmar günəş altında”, “O qızı tapın”, “Yolda əhvalat”, “Uzaq sahillərdə” (İ.Qasımovla birlikdə) və neçə-neçə gözəl filmlərin rejissoru və ssenari müəllifidir.

Kinoşünaslar da söyləyiblər ki, Həsən Seyidbəyli öz filmlərində tanınmayan, amma istedadlı insanları çəkib. “Nəsimi” filmi buna sübutdur. Baş rolu yaratmaq üçün namizədlərin sayı çox olub. Lakin Həsən Seyidbəylinin inadı və həssas duyumu yalnız Rasim Balayevə yönəlib. Gənc bir tələbənin belə bir tarixi şəxsiyyətin, böyük şairin obrazını məharətlə yaratmasına inanan Həsən Seyidbəyli həqiqətən də yanılmayıb. Müdrik və uzaqgörən insan olub. İşinə də, sənətinə də məsuliyyətlə yanaşıb. Seçimində həssas olub. Onun üçün əsas meyar istedad və yenə də istedad olub.
Bu xəbər oxucular tərəfindən 360 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed