Şrift:
AMEA-nın Şəki Regional Elmi Mərkəzində ilk dəfə vəhşi ipəkqurdu yetişdirilib
30.06.2021 [11:12] - Gündəm, Sağlıq
AMEA-nın Şəki Regional Elmi Mərkəzində respublikadfa ilk dəfə olaraq laboratoriya şəraitində “Böyük gecə tovuzgözlüsü” və ya “armud saturniyası” (“Saturnia pyri”) kəpənəyinin yetişdirilməsinə nail olunub. Artıq üçüncü ildir ki, Regional Elmi Mərkəzinin laboratoriyasında “Saturnia pyri” vəhşi ipəkqurdları bəslənilir və təbii ipək lifləri alınır. Bu ixtira elmi və təsərrüfat əhəmiyyətinə malik olmaqla, “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı”nın icrası üzrə Regional Elmi Mərkəzin tədbirlər planının “Baramaçılıq və ipəkçilik sahəsində qabaqcıl təcrübənin yeni üsul və texnologiyalarının öyrənilməsi və tətbiqi” istiqamətində yerinə yetirilən ilk tədqiqat işidir.

Bu barədə AMEA-nın Şəki Regional Elmi Mərkəzindən məlumat verilib.

Bildirilib ki, Regional Elmi Mərkəzin Tut ipəkqurdunun seleksiyası şöbəsinin elmi işçisi, AMEA-nın Zoologiya İnstitutunun dissertantı Zərintac Şükürovanın yerinə yetirdiyi dissertasiya işi üzrə əldə etdiyi ilkin nəticə Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin 2021-ci il 21 may tarixli qərarı ilə “Vəhşi ipəkqurdunun yetişdirilməsi üsulu” ixtirası kimi qiymətləndirilib.

Bu ilin iyununda Regional Elmi Mərkəzin laboratoriyasında alınan 230 ədəd vəhşi ipəkqurdunun tırtılları beşinci yaşda olarkən təbii artımının təmin edilməsi məqsədilə Mərkəzin himayəsində olan təbiət ərazisinə buraxılıb.

Elmi Mərkəzdən verilən məlumata görə, keyfiyyətli “Saturnia pyri” ipəyindən yüksək texnoloji biomateriallar, tibbi-cərrahi tikiş üçün saplar, xüsusi ipək parçalar əldə etmək mümkün olacaq. Alimlər adıçəkilən ipək liflərdən alınmış məlhəmlərin müvəffəqiyyətlə protein maskaları üçün də istifadə olunacağına və bu növün fibroinindən daha mükəmməl implantlar və orqan matrisləri yaradılacağına inanırlar. Güman olunur ki, “Saturnia pyri” Azərbaycanın vəhşi ipəkqurdu növü kimi dünyada tanınacaq və Böyük Qafqazın şimal və cənub regionlarında geniş tətbiq olunacaq.
Bu xəbər oxucular tərəfindən 1108 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed