Şrift:
Lerikdə fermerlər yanğın təhlükəsizliyi ilə bağlı maarifləndiriliblər
01.07.2021 [10:58] - Gündəm, İqtisadiyyat
Lerik Rayon Polis Şöbəsi, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin və rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə taxıl biçini zamanı və biçindən sonra əkin sahələrində baş verə biləcək yanğın hadisələrinin qarşısının alınması məqsədilə fermerlərlə maarifləndirici tədbir keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, məhsul istehsalçıları ilə görüşlərdə ehtiyatsızlıqdan və yaxud məqsədyönlü şəkildə biçindən sonra taxıl sahələrinə od vurulmasının böyük fəsadlara səbəb olduğu vurğulanıb.

Əkin sahələrinin yandırılmasının yolverilməzliyi, bu cür halların qanun pozuntusu olaraq məsuliyyət doğurması barədə təsərrüfat sahiblərinə ətraflı məlumat verilib. Yanğınların digər əkin sahələrinə, meşəlik ərazilərə, ətrafdakı tikililərə, ərazidən keçən yüksək gərginlikli elektrik xətlərinə ciddi zərər vurma ehtimalının olduğu diqqətə çatdırılıb.

Bu kimi halların qarşısının alınması üçün fermerlərə əkin sahələrinə od vurmamaları, əkinin ətrafında müəyyən olunmuş qaydada şumlanmış “mühafizə zolağı” yaratmaları və digər yanğın təhlükəsizliyi qaydalarına riayət etmələri barədə xəbərdarlıqlar edilib, onlara lazımi tövsiyələr verilib.
Bu xəbər oxucular tərəfindən 533 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed