Şrift:
Çin Kommunist Partiyasının 100 illik yubileyi qeyd olunur
01.07.2021 [11:02] - Xəbərlər, Siyasət
İyulun 1-də Çin Kommunist Partiyasının (ÇKP) yaranmasının 100–cü ildönümü tamam olur.

Bu münasibətlə artıq bir neçə gündür bütün Çin Xalq Respublikasında (ÇXR) yubiley mərasimləri keçirilir. Bu tədbirlərin ən əsası isə iyulun 1-də Pekindəki Tiananmen meydanında təşkil olunan təntənəli yubiley mərasimi olub.

Ölkənin rəhbər şəxslərinin, ÇKP liderlərinin, Çinin müxtəlif əyalətlərindən gəlmiş nümayəndələrin iştirak etdikləri mərasimdə çıxış edən ÇXR-in Sədri, partiyanın baş katibi Si Cinpin Çin Xalq Respublikasının qurulması və inkişafında ÇKP-nin oynadığı roldan, ölkənin gələcək inkişafından danışıb. Si Cinpin bildirib ki, yalnız sosializm Çini xilas edə bilib və yalnız Çin xarakterli sosializm ölkəni inkişaf etdirə bilib. “Partiyanın birinci yüzillik dövründə Çin hər cəhətdən mötədil çiçəklənən cəmiyyətin qurulması məqsədinə çatıb”,- deyən Si Cinpin əlavə edib ki, partiyanın 2-ci yüzillik dövründə biz Çinin hər cəhətdən böyük, müasir sosialist ölkəsinə çevrilməsi hədəfinə inamla irəliləyirik.

Xatırladaq ki, 1921-ci ildə təsis edilən Çin Kommunist Partiyası 28 illik mübarizədən sonra inqilab sayəsində hakimiyyətə gəlib və Çin Xalq Respublikası yaradılıb. Ali orqanı 5 ildən bir keçirilən qurultay olan partiyanın Mərkəzi Komitəsi, Mərkəzi Komitənin Siyasi Bürosu, Siyasi Büronun Daimi Komitəsi fəaliyyət göstərir. Partiyanın 2017-ci ilin oktyabrında keçirilmiş 19-cu qurultayında formalaşmış Mərkəzi Komitəsinin ilk plenumunda Si Cinpin yenidən ÇKP Mərkəzi Komitəsinin baş katibi seçilib. O, hazırda həm də Çin Xalq Respublikasının Sədri, silahlı qüvvələrin ali idarəedici orqanı olan Mərkəzi Hərbi Şuranın sədridir.

ÇKP-nin hazırda 95,1 milyon üzvü var, partiya ilk təşkilatlarının sayı isə 4,9 milyondur. ÇKP hazırda üzvlərinin sayına görə Hindistan Xalq Partiyasından sonra dünyada ikincidir.
Bu xəbər oxucular tərəfindən 484 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed