Şrift:
Taxıl biçini yekun mərhələyə qədəm qoyub, dağlıq ərazilərdə biçinə start verilib
01.07.2021 [11:11] - Gündəm, İqtisadiyyat
Respublikada taxıl biçini yekun mərhələyə qədəm qoyub. Aran rayonlarında biçin tam başa çatmaq üzrədir, artıq dağətəyi və dağlıq ərazilərdə biçinə start verilib.

Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, artıq ölkə üzrə taxıl sahələrinin 75 faizi biçilib.

Nazirliyin şöbə müdiri Vüqar Hüseynov deyir ki, biçinin sürətlə yekunlaşmasında prosesin mütəşəkkil təşkili və hava şəraiti mühüm rol oynayıb.

Göygöl rayonunun düzənlik hissəsində də biçin tam başa çatıb. Hazırda rayona dislokasiya olunmuş kombaynlar yüksək dağlıq ərazilərdə biçin aparırlar.

Yağıntıların mövsüm normasına uyğun olması dəmyə əkinlərdə məhsuldarlığa müsbət təsir edib. Fermer İftixar Hüseynovun sözlərinə görə, bu il dağlıq ərazilərdən arpa biçini zamanı 30-35 sentner məhsul götürüblər.

Kənd Təsərrüfatı Nazirliyindən verilən operativ məlumata görə, iyulun 1-dək 744 min hektar sahədə biçin aparılıb. Sahələrdən 2 milyon 400 min ton məhsul yığılıb. Hazırda taxıl üzrə orta məhsuldarlıq 32,2 sentner təşkil edir. Biçin prosesində 1681 kombayn iştirak edir. Bunlardan 972 kombayn özəl mülkiyyətdə olan texnikalardır, “Aqroservis” Açıq Səhmdar Cəmiyyəti biçinə 709 kombayn cəlb edib. “Aqroservis”in kombaynları 240 min hektar sahədə biçin aparıb, özəl kombaynlar vasitəsilə isə 504 min hektar sahə biçilib.

Biçin davam edir.
Bu xəbər oxucular tərəfindən 570 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed