Şrift:
Qaxlı gənclər təntənəli şəkildə hərbi xidmətə yola salınıblar
08.07.2021 [14:10] - Gündəm, Hərb
Vətənə xidmət etmək, onun keşiyində durmaq ölkənin hər bir vətəndaşının müqəddəs borcudur. Ölkə vətəndaşları, xüsusilə də gənclər bu borcu şərəf və ləyaqətlə yerinə yetirməyə hər an hazır olmalıdırlar. Sevindirici haldır ki, indi gənclər Vətən qarşısındakı müqəddəs borclarını yerinə yetirmək üçün ordu sıralarına böyük ruh yüksəkliyi və həvəslə gedirlər.

Bu fikirlər çağırışçı gənclərin hərbi xidmətə yola salınması münasibətilə iyulun 8-də Qax şəhərində keçirilən təntənəli mərasimdə söylənilib.

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

Rayon rəhbərliyinin, valideynlərin, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi mərasimin əvvəlində Azərbaycanın Dövlət Himni səsləndirilib.

Mərasimdə Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev çıxış edərək, müstəqil Azərbaycanın Milli Ordusunda xidmət etməyin çox müqəddəs və məsuliyyətli vəzifə olduğunu bildirib, gənclərə şərəflə xidmət etməyi, Vətənin keşiyində möhkəm dayanmağı tövsiyə edib, sağ-salamat evə qayıtmalarını arzulayıb.

Vətən müharibəsində qazanılan tarixi Qələbədən söz açan icra hakimiyyətinin başçısı Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin qəlblərdə əbədi yaşayacağını, heç zaman yaddaşlardan silinməyəcəyini vurğulayıb.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qax rayon bölməsinin rəisi, polkovnik-leytenant Fuad Hüseynov çıxış edərək, ölkəmizdə ordu quruculuğu sahəsində görülən işlərdən danışıb. Bildirilib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və hazırda Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilən ordu quruculuğu siyasəti öz gözəl bəhrəsini verməkdədir. Ordumuzun dünyanın ən qabaqcıl ordusu kimi formalaşması üçün ölkə rəhbərliyi tərəfindən bütün zəruri tədbirlər görülür. Məhz göstərilən dövlət qayğısının nəticəsidir ki, indi Azərbaycan Ordusu ən çətin döyüş tapşırığını belə yerinə yetirməyə tam qadirdir. Vətən müharibəsində qazanılan şanlı Qələbə bunu bir daha sübut etdi.

Şəhid atası Musa Musayev Vətən uğrunda canından keçən övladı ilə hər zaman fəxr etdiyini, şəhidlərimizin qanının yerdə qalmadığını, düşməndən amansız qisas alındığını vurğulayıb, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını bildirib.

Hərbi xidmətə yola salınan gənclər Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini şərəflə qoruyacaqlarına söz veriblər.

Çağırışçı gənclər təntənəli marşın sədaları altında üçrəngli Azərbaycan bayrağının altından keçərək hərbi xidmətə yola düşüblər.
Bu xəbər oxucular tərəfindən 1818 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed