Şrift:
Rəssam, heykəltaraş Elman Cəfərovun 70 illik yubileyi qeyd olunub
09.07.2021 [13:41] - Gündəm, Mədəniyyət
Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsində fakültənin müəllimi, Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi Elman Cəfərovun rəsm, heykəltaraşlıq və qrafika janrında işlədiyi əsərlərdən ibarət yubiley sərgisi təşkil edilib.

Universitetin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən bildirilib ki, tədbirdə çıxış edən ali təhsil ocağının rektoru Elbrus İsayev rəssamı “şəxsiyyəti ilə sənəti bütünləşən sənətkar” adlandırıb və təşkil edilən sərgini yubilyarın yaradıcılığına töhfə kimi dəyərləndirib. Bildirilib ki, Elman Cəfərov yaradıcılıqla məşğul olmaqla bərabər, həmçinin dəyərli bir pedaqoqdur. Rektor vətənpərvərlik motivləri qabarıq nəzərə çarpan bu yaradıcılığın gənc nəslə örnək olduğunu diqqətə çəkib.

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyeva vurğulayıb ki, bu illər ərzində dəfələrlə ümumittifaq və respublika sərgilərində uğurla iştirak edən Elman Cəfərovun ilk monumental əsəri Naxçıvan şəhərində Xalq qəhrəmanı Babəkin at üzərində yaradılmış obrazıdır. Bildirilib ki, sonra heykəltəraş Dədə Qorqudun, Babək rayon mərkəzi üçün Babəkin heykəlini işləyib, I və II Qarabağ müharibəsində iştirak etmiş şəhidlərimizin büst və barelyeflərini hazırlayıb.

Azərbaycan Respublikasının Xalq rəssamı, professor Hüseynqulu Əliyev, AMEA-nın müxbir üzvü Tofiq Əliyev yubilyarla bağlı ürək sözlərini bölüşüb, ona arzularını çatdırıblar.

Universitetin İncəsənət fakültəsinin dekanı, Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Cavid İsmayılov Elman Cəfərovu universal bir sənətkar kimi dəyərləndirib. Qeyd edilib ki, rəssamın sərgidə 40-dan çox əsəri nümayiş olunub. Elman Cəfərli rəsm, heykəltəraşlıq üslubunda çəkilən əsərlərlə yanaşı, ali təhsil ocağında ilk dəfə qrafika-illüstrasiya janrında sərgilənən ilk əsərlərin müəllifidir.

Tədbirdə çıxış edənlər yubilyarı təbrik edib, ona cansağlığı, yaradıcılıq uğurları arzulayıblar.

Sonra Elman Cəfərov II Qarabağ müharibəsi şəhidi Xansu Qurbanovun və Aşur Cəmiyevin barelyefini ailə üzvlərinə təqdim edib. Şəhidlərin valideynləri yubilyara minnətdarlığını ifadə edib.
Bu xəbər oxucular tərəfindən 373 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed