Şrift:
Beş ayda Azərbaycanın İndoneziya ilə ticarət dövriyyəsi 64 faiz artıb
09.07.2021 [13:47] - Xəbərlər, İqtisadiyyat
İqtisadiyyat naziri Mikayıl Cabbarov İndoneziyanın ölkəmizdəki səfiri Hildi Hamidlə görüşüb.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, nazir səfiri yeni təyinatı münasibətilə təbrik edib, fəaliyyətinin ikitərəfli əməkdaşlığın genişlənməsinə töhfə verəcəyinə əminliyini vurğulayıb.

M.Cabbarov Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun Qələbəsini, Ermənistanın işğalçılıq siyasəti ilə bağlı İndoneziyanın qətiyyətli mövqeyinin, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsinin ölkəmiz tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb. Nazir Azərbaycanın İndoneziya ilə əlaqələrin genişlənməsində maraqlı olduğunu, əməkdaşlığın inkişafı üçün müqavilə-hüquq bazasının gücləndirilməsinin önəmini diqqətə çatdırıb.

Görüşdə qeyd edilib ki, ticarət ölkələrimiz arasında iqtisadi əməkdaşlığın əsas istiqamətlərindəndir. 2021-ci ilin yanvar-may ayları ərzində Azərbaycanın İndoneziya ilə ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 64 faiz artaraq 27 milyon ABŞ dolları təşkil edib. Bununla belə, qarşılıqlı ticarətin artırılması üçün daha geniş imkanlar var.

Səfir H.Hamid iqtisadi-ticarət əlaqələrinin inkişafı istiqamətləri barədə fikirlərini bölüşüb, İndoneziya şirkətlərinin nəqliyyat və tekstil sahələrində, işğaldan azad edilmiş ərazilərimizin bərpası məqsədilə həyata keçiriləcək layihələr üzrə əməkdaşlıqda maraqlı olduqlarını diqqətə çatdırıb.

Tərəflər sənaye, kənd təsərrüfatı, İKT, kiçik və orta biznes, turizm, idman və sair sahələrdə əlaqələrin inkişafı, qarşılıqlı ticarət dövriyyəsinin artırılması, iqtisadi əməkdaşlıq üzrə birgə işçi qrupun yaradılması, biznes dairələri arasında qarşılıqlı əlaqələrin qurulması, Azərbaycanda və İndoneziyada keçiriləcək beynəlxalq sərgilərdə hər iki ölkənin sahibkarlarının iştirakı, biznes forum formatında Azərbaycan-İndoneziya işgüzar görüşünün keçirilməsi barədə müzakirələr aparıblar.
Bu xəbər oxucular tərəfindən 628 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed