Şrift:
Hərbi ekspert: Ermənistanın sülh sazişini imzalamaqdan imtina etməsi bu ölkə üçün ağır fəsadlara səbəb olacaq
16.07.2021 [10:59] - Xəbərlər, Sosial
Son günlər Ermənistanın həm Azərbaycanla sərhədə, həm də Rusiya sülhməramlıların müvəqqəti nəzarətində olan ərazilərdən Azərbaycan Ordusuna qarşı atəşkəsi pozması halları intensiv şəkil alıb. Ermənistan bu fəaliyyətləri ilə həm 10 noyabr, həm də 11 yanvar tarixli üçtərəfli birgə bəyanatların şərtlərini yerinə yetirmək niyyətində olmadığını bir daha ortaya qoyub. Bu bəyanatlar həm Ermənistan silahlı qüvvələrinin səkkiz ay bundan əvvəl Azərbaycan ərazisindən çıxarılmasını, həm də Zəngəzur dəhlizinin açılmasını nəzərdə tuturdu.

Bu fikirləri müsahibəsində hərbi ekspert Ədalət Verdiyev deyib.

Vurğulayıb ki, lakin Ermənistan bu müddətdə nə sərhədlərin delimitasiyasında, nə Zəngəzur dəhlizinin açılmasında, nə də erməni silahlılarının Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Qarabağdakı ərazilərdən çıxarılmasında müsbət addımlar atmayıb. Dolayısıyla Ermənistan Azərbaycanla sülh sazişi imzalamağa və onu şərtləndirən addımları atmağa hazır olmadığını bir daha nümayiş etdirir. Ermənistan biabırçı məğlubiyyətdən sonra belə Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan imtina edir. Belə olan halda Azərbaycanın da həmin sülh müqaviləsinin şərtlərindən irəli gələn tələbləri yerinə yetirməmək hüququ var. Əgər Ermənistan ölkəmizin ərazi bütövlüyünü tanımırsa, o zaman Azərbaycan nəyə görə qarşı tərəfin ərazi bütövlüyünü tanımalıdır? Azərbaycanın belə bir öhdəliyi heç bir zaman olmayıb, yoxdur və olacağını da düşünmürəm.

Hərbi ekspert diqqətə çatdırıb ki, iyulun 14-də Binəqədi rayonunda şəhid ailələrinin üzvləri və müharibə əlilləri ilə görüşündə Prezident İlham Əliyevin dediyi kimi, bizim doğma torpağımız Zəngəzurdur, Göyçə mahalıdır, İrəvandır. Odur ki, həmin ərazilər hüquqi baxımdan Azərbaycana məxsus olduğu üçün bizim tarixi ədaləti bərpa etməyə tam haqqımız var. Əgər Ermənistan səslənən bu bəyanatlardan nəticə çıxarmazsa, yəni Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan imtina edərək sülh sazişini imzalamağa meyilli olmazsa, o zaman bu ölkə gələcəkdə hansı faciələrlə qarşılaşacağını indidən proqnozlaşdırmalıdır. Beləliklə, Ermənistanın sülh sazişini imzalamaqdan imtina etməsi bu ölkə üçün ağır fəsadlara səbəb olacaq.

Ədalət Verdiyev xatırladıb ki, ordusu tam komplektləşmiş olduğu halda, 30 il müddətində hazırlanmış istehkamlarda Azərbaycan Ordusunun qarşısında iki saatdan çox tab gətirməyən Ermənistan silahlı qüvvələri indiki əzilmiş vəziyyətində ordumuz qarşısında bir neçə dəqiqə müqavimət göstərmək potensialına belə malik deyil. Əgər Ermənistan öz ordusunun qalan tör-töküntülərini də itirmək istəmirsə, o zaman bu sülh sazişini imzalamalıdır. Çünki Azərbaycan atəşkəsin pozulması hallarına kifayət qədər adekvat reaksiya vermək imkanlarına sahibdir. Biz bu imkanlarımızı ötən ilin payızında və keçən ilin son günlərində nümayiş etdirmişik. Ermənistan həmin dövrdə Azərbaycanın keçirdiyi antiterror əməliyyatlarını və onların acı nəticələrini unutmamalıdır.

Hərbi ekspert qeyd edib ki, Ermənistan sanki Rusiya sülhməramlılarının öz funksiyalarını yerinə yetirməsini şübhə altına almaq üçün atəşkəsin pozulması kimi təxribatçı addımlara əl atır. Erməni silahlılarının ərazilərimizdən çıxarılması prosesinin sürətlənməsi atəşkəsin pozulması hallarının azalmasına müsbət təsir göstərə bilər. Digər tərəfdən Xankəndinin müdafiə sənayesi potensialı olmadığı halda erməni silahlılarının əlində bu qədər silah-sursatın haradan peyda olması da maraqlı məqamdır.

“İstənilən halda Azərbaycan Ordusu əsgərlərimizə, mövqelərimizə açılan atəşin qarşısını almaq üçün həmin düşmən mövqelərinin çox qısa müddətdə cavab atəşi ilə susdurulması imkanına malikdir. Həmin mövqelər Azərbaycan əraziləri olduğu üçün əgər zərurət yaranarsa, ordumuz tərəfindən tam nəzarətə də götürülə bilər. Bunu Ermənistan tərəfi də yaxşı anlayır. Səbrimizi sınaqdan keçirmək Ermənistan üçün növbəti faciə ilə nəticələnə bilər”, - deyə həmsöhbətimiz əlavə edib.
Bu xəbər oxucular tərəfindən 595 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed