Şrift:
Ötən ay 58 şəhər və rayonun əhalisinə 1 milyon 300 mindən çox tibbi xidmət göstərilib
17.07.2021 [14:31] - Gündəm, Sosial
2021-ci ilin iyun ayı ərzində 58 şəhər və rayonun əhalisinə 1 milyon 300 mindən çox tibbi xidmət göstərilib.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentindən verilən məlumata görə, icbari tibbi sığortanın tətbiq olunduğu tibb müəssisələri tərəfindən agentliyə təqdim edilən ilkin hesabatlara əsasən, bu ilin iyun ayı ərzində 58 şəhər və rayonda 347 min 646 vətəndaşa 1 milyon 304 min 300 tibbi xidmət göstərilib.

Bu müddətdə tibb müəssisələri, onların struktur bölmələri və müalicə diaqnostika mərkəzlərinə 586 min 443 müraciət daxil olub. Müraciətlər üzrə göstərilən tibbi xidmətlərin 1 milyon 134 min 721-i ambulator, 169 min 579-u isə stasionar şəraitdə göstərilib.

Ötən ay ərzində əhalinin hər 1000 nəfərinə tibb müəssisələrinə olunan müraciət sayına əsasən, ilk onluqda yer alan şəhər və rayonlar: Mingəçevir (444), Şirvan (199), Yevlax (180), Ağdaş (172), Gəncə (158), Qax (158), Qəbələ (153), Beyləqan (152), Şabran (148) və Göygöl (148).

Ən çox xidmət göstərmiş tibb müəssisələrinin ilk onluğu: Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası (140 min 371), Gəncə Birləşmiş Şəhər Xəstəxanası (109 min 788), Xaçmaz (64 min 69), Yevlax (56 min 734), Quba (40 min 670), Bərdə (38 min 103), Şəki (36 min 940), Göyçay (35 min 844), Ağdaş (35 min 240) rayon mərkəzi xəstəxanaları və Siyəzən Müalicə-Diaqnostika Mərkəzi (34 min 101).

Ən çox ambulator xidmət göstərmiş tibb müəssisələrinin ilk onluğu: Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası, Gəncə Birləşmiş Şəhər Xəstəxanası, Xaçmaz, Yevlax, Quba, Bərdə rayon mərkəzi xəstəxanaları, Siyəzən Müalicə-Diaqnostika Mərkəzi, Şəki, Ağdaş və Göyçay rayon mərkəzi xəstəxanaları.

Ən çox stasionar xidmət göstərmiş tibb müəssisələrinin ilk onluğu: Gəncə Birləşmiş Şəhər Xəstəxanası, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası, Xaçmaz, Qusar rayon mərkəzi xəstəxanaları, Şirvan Şəhər Mərkəzi Xəstəxanası, Şəki, Göyçay, Bərdə, Quba və Salyan rayon mərkəzi xəstəxanaları.

58 rayon və şəhər üzrə tibb müəssisələrinə müraciətlərin çoxu tibbi müayinə (hərbi xidmətə çağırılanların müayinəsi daxil olmaqla), qan dövranı sistemi, endokrin sistemin xəstəlikləri, maddələr mübadiləsi və qidalanma pozğunluğu, sidik-cinsiyyət, həzm, tənəffüs, sümük və əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri, gözün və gözün əlavə aparatının xəstəlikləri, habelə, zədələr və zəhərlənmələr, mamalıq və ginekologiya ilə bağlı olub.

2021-ci ilin iyun ayı ərzində 11 tibbi ərazi bölməsi (TƏB) üzrə göstərilmiş tibbi xidmət sayına görə ardıcıllıq aşağıdakı kimidir (TƏB haqqında ətraflı məlumat üçün linkə keçid etmək olar):

Bərdə-Yevlax TƏB (287 min 376), Quba-Xaçmaz TƏB (199 min 039), Şəki-Zaqatala TƏB (170 min 949), Gəncə TƏB (166 min 986), Şəmkir-Tovuz TƏB (89 min 021), Göyçay-Kürdəmir TƏB (88 min 957), Dağlıq Şirvan TƏB (82 min 028), Ağdam-Ağcabədi TƏB (76 min 720), İmişli-Sabirabad TƏB (59 min 578), Lənkəran TƏB (48 min 324) və Cəlilabad-Salyan TƏB (35 min 322).

2020-ci ilin 1 yanvar tarixinə olan rəsmi məlumata əsasən icbari tibbi sığortanın tətbiq edildiyi 58 inzibati ərazi vahidləri üzrə qeydiyyatda olan əhalinin sayı 6 milyon 560 min 500 nəfər təşkil edir.

Məlumat üçün bildirək ki, bütün ölkə üzrə iyun ayı ərzində 592 min 990 nəfərə 1 milyon 4 min müraciət üzrə 2 milyon 76 min 467 tibbi xidmət göstərilib. Müraciətlər üzrə göstərilən tibbi xidmətlərin 1 milyon 756 min 245-i ambulator, 320 min 222-si isə stasionar şəraitdə göstərilib.

İlkin hesablamalara görə, 2021-ci ilin yanvar-aprel ayları ərzində ölkə üzrə 2 min 444 nəfər dövlət tibb müəssisələrində aparılması mümkün olmayan, habelə xüsusi tibbi təchizat və təminat tələb edən əməliyyatlarla bağlı müqaviləli tibb müəssisələrinə yönləndirilib ki, bu şəxslərin 102 nəfərini uşaqlar təşkil etmişdir. Ürək və damar cərrahiyyəsi üzrə 1467, oftalmologiya üzrə 357, urologiya üzrə 251, neyrocərrahiyyə üzrə 185, travmatologiya üzrə 125, digər sahələr üzrə isə 59 nəfər əməliyyat olunub. Ürək və damar cərrahiyyəsi üzrə əməliyyat keçirən pasiyentlərdən 66 nəfər isə 18 yaşdan aşağı şəxslər olub.

Qeyd edək ki, tibb müəssisələri tərəfindən stasionarda cərrahi profil üzrə məlumatların elektron reyestrdə qeydiyyatı və emalı davam edir.
Bu xəbər oxucular tərəfindən 417 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed