Şrift:
İordaniyalı jurnalist Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyindən yazıb
26.07.2021 [09:58] - Xəbərlər, Siyasət
İordaniyada fəaliyyət göstərən rus mənşəli jurnalist, “The Russian Vision Supplement” qəzetinin baş redaktoru Yelena Duqinanın “Nabateans” nəşrində “Prezident İlham Əliyevin Qoşulmama Hərəkatında uğurları” sərlövhəli məqaləsi dərc edilib.

Məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin Qoşulmama Hərəkatının İordaniyanın da iştirak etdiyi xarici işlər nazirlərinin aralıq konfransındakı dərin məzmunlu, obyektiv və humanitar-siyasi kontekstli çıxışında bütün dünyanın diqqətini bəşəriyyətin ümdə problemlərinə cəlb etdiyi vurğulanır. Müəllif diqqətə çatdırıb ki, hərəkatın 60 illiyinin qeyd olunduğu bir vaxtda Azərbaycanın dövlət başçısının sədrliyi ilə qlobal humanitar məsələlərin həlli ön plana çıxarılıb. Məhz bu səbəbdən İlham Əliyevin çıxışında COVID-19 pandemiyasına qarşı mübarizədə beynəlxalq təşəbbüslər, dünya ictimaiyyətinin və dövlətlərin bu məsələdə səylərinin birləşdirilməsinə xüsusi yer ayrılıb.

Yelena Duqina yazıb: “Pandemiya ilə mübarizə çərçivəsində Azərbaycanın humanitar və maliyyə dəstəyi, 30-dan çox ölkəyə, o cümlədən Qoşulmama Hərəkatının üzvlərinə göstərdiyi yardımlar təqdirəlayiqdir. Bundan başqa, rəsmi Bakı yarı hissəsi hərəkata üzv dövlətlərə ayrılması şərti ilə Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar vəsait ayırıb. Sırf humanitar nöqteyi-nəzərdən çıxış edən İlham Əliyev qlobal səhiyyə böhranı fonunda “vaksin millətçiliyi” adlanan sindromu da sərt tənqid edib. Azərbaycan COVID-19 əleyhinə vaksini ehtiyacı olduğundan daha çox saxlayan ölkələri də qınayıb. Belə ki, varlı ölkələr istehsal olunmuş vaksinin 82 faizini alıb, azgəlirli əhalisi olan dövlətlər isə cəmi 0,9 faiz əldə edə biliblər. İlham Əliyev vurğulayıb ki, bu cür mövqe inkişaf etməkdə olan ölkələri öz xalqını qorumaq imkanından məhrum edir. Azərbaycan Qoşulmama Hərəkatının adından BMT-nin İnsan Hüquqları Şurasına müvafiq qətnamənin layihəsini də təqdim edib. Bu sənəd mart ayında yekdilliklə qəbul edilib”.

Məqalədə qeyd olunub ki, Azərbaycanın Qoşulmama Hərəkatında uğurlu sədrliyini, Prezident İlham Əliyevin səylərini nəzərə alan üzv ölkələr onun sədrliyinin daha bir müddətə uzadılması haqqında qərar qəbul ediblər. Müəllif ölkəmizin hərəkata sədrliyi dövründə qazanılmış uğurları sadalayıb. Qoşulmama Hərəkatının digər beynəlxalq təşkilatlarla daha fəal dialoqu və əməkdaşlıq coğrafiyasının genişləndirilməsi, Avropa İttifaqı rəhbərlərinin tarixdə ilk dəfə hərəkatın ən yüksək səviyyədə keçirilən görüşündə iştirakı və onların BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılması təşəbbüsünü dəstəkləməsi, Azərbaycanın hərəkat daxilində həmrəyliyin gücləndirilməsi və beynəlxalq forumlarda onun mövqeyinin güclənməsi bu qəbildəndir. Prezident İlham Əliyev postpandemiya dövründə qlobal rekonstruksiya tədbirlərinin də konturlarını müəyyən edən təşəbbüslərlə çıxış edib.

Müəllif sonda vurğulayıb ki, Azərbaycanın 44 günlük müharibədə şanlı Qələbəsi və torpaqların işğaldan azad edilməsi də böyük uğurdur və BMT TŞ-nin qətnamələrinə, həmçinin Qoşulmama Hərəkatının prinsiplərinə və dəyərlərinə uyğundur.
Bu xəbər oxucular tərəfindən 369 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed