Şrift:
İşğaldan azad olunmuş ərazilərə səfər etmiş meksikalı jurnalist təəssüratlarını geniş şəkildə qələmə alıb
29.07.2021 [10:52] - Xəbərlər, Siyasət
Meksikanın nüfuzlu KİV-indən olan “ContraReplica” və “Valija Diplomática” qəzetlərində tanınmış meksikalı jurnalist Federiko Lamontun işğaldan azad olunmuş ərazilərimizə etdiyi səfərin təəssüratları barədə “Şuşa – Azərbaycanın azadlıq simvolu” və “Qarabağ odlar diyarı Azərbaycanındır” başlıqlı məqalələri dərc olunub.

Cəbrayıl, Füzuli, Gəncə, Ağdam və Şuşa şəhərlərində səfərdə olmuş jurnalist yazılarında ilk olaraq, Şuşanın hərbi-strateji əhəmiyyətindən, habelə ölkəmiz üçün daşıdığı tarixi, mədəni və rəmzi önəmdən danışır və Şuşa şəhərinin işğaldan azad edilməsinin Azərbaycanın ərazi bütövlüyünün bərpasının simvoluna çevrildiyini qeyd edir.

Sonra 44 günlük müharibə zamanı Ermənistanın mülki azərbaycanlıları hədəf alaraq hərbi əməliyyatların aparıldığı bölgədən kənarda yerləşən Gəncə şəhərinə gecə saatlarında raket zərbələri endirdiyi, bu zaman qadınlar və uşaqlar da daxil olmaqla onlarla mülki insanın həlak olduğu, yüzlərlə insanınsa yaralandığı bildirilir.

Məqalələrdə Cəbrayıl və Ağdam şəhərlərinin müstəsna erməni vandalizminə məruz qaldığı və buradakı yaşayış infrastrukturu və tarixi-mədəni abidələrin tamamilə darmadağın edildiyi haqqında məlumat verilir.

30 ilə yaxın işğalda saxlanılmış ərazilərimizdə Ermənistanın apardığı kütləvi minalanmadan da bəhs edilən yazılarda, ötən ilin 10 noyabr tarixində əldə olunmuş atəşkəs razılaşmasından bu günədək yüzlərlə hərbi və mülki azərbaycanlının erməni silahlı qüvvələrinin illər ərzində bu ərazilərdə basdırdığı minaların partlaması səbəbindən həyatını itirdiyi bildirilir. Bu xüsusda azərbaycanlı KİV işçilərinin də iyun ayının əvvəlində Kəlbəcər rayonunun Susuzluq kəndində həmin minaların qurbanına çevrildiyi qeyd olunur və Ermənistanın 30 ilə yaxın dövr ərzində BMT qətnamələrinə məhəl qoymadığı kimi, bu gün də beynəlxalq humanitar hüquqa zidd olaraq bu minaların yerləşmə xəritəsini verməkdən imtina etdiyi vurğulanır.
Bu xəbər oxucular tərəfindən 355 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed