Şrift:
Gənc alim və tədqiqatçıların 6-cı qrant müsabiqəsinə layihə qəbulu davam edir
30.07.2021 [11:37] - Gündəm, Mədəniyyət
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu gənc alim və tədqiqatçıların elmi fəaliyyətinin stimullaşdırılması və onlara tədqiqat aparmaq üçün əlverişli imkanların yaradılması, gənc kadr potensialının gücləndirilməsi üçün proqramların işlənib hazırlanması, onların elmi və peşəkarlıq səviyyələrinin yüksəldilməsi, innovasiya fəaliyyətinin dəstəklənməsi, regional və beynəlxalq səviyyəli proqram və layihələrdə iştirak etməyə cəlb edilməsi məqsədilə 2021-ci ildə gənc alim və tədqiqatçıların 6-cı qrant müsabiqəsini elan edib.

Elmin İnkişafı Fondunun mətbuat xidmətindən bildirilib ki, müsabiqə üzrə iştirakçıların qeydiyyatı və layihə təkliflərinin qəbulu elektron qaydada “e-QRANT” - “Qrant layihələrinin Elektron İdarə olunması Sistemi” rəsmi internet səhifəsində (http://e-grant.sdf.gov.az/) avqustun 30-u saat 17:00-dək aparılacaq. Bu sistem elektron -hökumət prinsipləri əsasında qurulub və “ASAN imza”dan istifadəni də nəzərdə tutur. “ASAN imza”nı həm layihə rəhbəri, həm də layihədə iştirakı nəzərdə tutulmuş bütün iştirakçılar əldə etməli, bu şəxslərin hamısı qeydiyyatdan keçməli və “virtual şəxsi kabinet”lərini formalaşdırmalıdırlar.

Layihələrin qəbulu üçün nəzərdə tutulmuş müddət ərzində qrant iddiaçılarına kömək və sualların cavablandırılması məqsədilə onlayn məsləhət seminarlarının keçirilməsi nəzərdə tutulub. Bu barədə əlavə məlumat Fondun internet səhifəsində (http://sdf.gov.az/az) yerləşdiriləcək. Müsabiqəyə təqdim olunduğu gündən etibarən layihələrə baxılacaq və nəticələri barədə müsabiqə iştirakçılarına elektron qaydada məlumat veriləcək.
Bu xəbər oxucular tərəfindən 509 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed