Şrift:
Bakı Ali Neft Məktəbinin məzunu 13 tanınmış xarici ali məktəbə qəbul olub
02.08.2021 [11:36] - Gündəm, Mədəniyyət
Bakı Ali Neft Məktəbinin (BANM) məzunu Ələddin Mərdanov dünya üzrə müraciət etdiyi ali məktəblərdən 13-nün magistratura üzrə proqramlarına qəbul olunub. O, həmin universitetlərin bir çoxundan təqaüd də qazanıb.

BANM-dən bildiriblər ki, Ələddin Mərdanov kimya mühəndisliyi, material mühəndisliyi, sənaye enerji prosesləri və davamlılıq, innovativ və dayanıqlı kimya mühəndisliyi, ətraf mühit mühəndisliyi və s. ixtisaslar üzrə qəbul olunub. O, daha bir neçə ali məktəbin qəbul imtahanlarının test mərhələsini keçsə də artıq bu cür yüksək nəticələrə görə həmin müraciətlər üzrə yekun müsahibələrdən imtina edib. Bu isə bakalavr məzunu üçün yüksək göstəricidir.

Ə.Mərdanov təhsilini Erasmus Mundus təqaüd proqramı ilə kimya innovasiya və tənzimləmə ixtisası üzrə Boloniya Universiteti, Heriot-Vat Universiteti, Barselona Universiteti və Alqarve Universitetinin birgə tədris proqramı üzrə həmin universitetlərin yerləşdiyi ölkələrdə davam etdirməyi qərara alıb. O, 1000 müraciətçi arasından təqaüdə layiq görülmüş 25 nəfərdən biridir.

Xatırladaq ki, Ələddin Mərdanov 2016-cı ildə DİM tərəfindən keçirilmiş qəbul imtahanında 650 bal toplayaraq BANM-in kimya mühəndisliyi ixtisasına dövlət sifarişi üzrə qəbul olub. O, məzun olduqda ümumi orta müvəffəqiyyət göstəricisi 90.95 olub.

BANM məzunu Ələddin Mərdanov təhsil aldığı müddətdə BASF və “Carlsberg Azerbaijan” şirkətlərində təcrübə keçmiş yeganə tələbə olub. Üç il professional tərcüməçi kimi fəaliyyət göstərib.
Bu xəbər oxucular tərəfindən 563 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed