Şrift:
Azərbaycan İranla sərhəd rayonlarda yaşayanların sərhədi sadələşdirilmiş qaydada keçməsi haqqında Memorandumu ləğv edib
11.12.2012 [16:07] - Xəbərlər, Güney Azərbaycan-Təbriz
Milli Məclisdə Azərbaycan və İran hökumətləri arasında sərhədyanı rayonlarda yaşayan hər iki ölkə vətəndaşlarının sadələşdirilmiş qaydada sərhədi keçmələri haqqında Memorandumun ləğv edilməsi barədə layihənin müzakirəsi zamanı diskussiyalar yaranıb. Sözügedən layihə barədə məlumat verən parlamentin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin sədri Əli Hüseynli bildirib ki, bu memorandumların kökündə SSRİ dövründəki mövcud qaydalar əksini tapıb.

Millət vəkili Fuad Muradovun sözlərinə görə, bu tip sənədlərin imzalanması və ləğv edilməsi beynəlxalq praktikada asanlıqla həyata keçirilib: «İrana gəlincə, həmişə problem olur. Məsələn, Arazda Xudafərin su anbarının tikilməsinə nə ehtiyac var? Xəzərlə bağlı da İranla belə problemlər olur. Bir müddət əvvəl Kürün səviyyəsinin qalxması ilə bağlı problem yarandı. Xudafərin su anbarı bizim üçün təhlükədir, bunun tikilməsinə ehtiyac yox idi. İndi tikilib, Azərbaycan bu məsələyə diqqətini artırmalıdır ki, çaylarda suyun səviyyəsi artarkən təhlükə olmasın. Bu memoranduma gəlincə, burada heç bir siyasi məqsəd yoxdur. Artıq dünya dəyişib, Azərbaycanın müstəqil ölkə kimi fikirləri beynəlxalq sənədlərdə öz əksini tapacaq”.

Millət vəkili Qüdrət Həsənquliyev isə müzakirəyə çıxarılan sənədlərin əleyhinə olduğunu söyləyib: “İranın müəyyən cəhdləri olub, bu cəhdlərin qarşısı təhlükəsizlik orqanlarımız tərəfindən alınıb. Qoy Cənubi Azərbaycandakı soydaşlarımız da, farslar özləri də Azərbaycana gəlsinlər. Biz ümumiyyətlə, İranla viza rejimini aradan qaldırmalıyıq. Özü də tək İranla yox, Avropa ilə də viza rejimini götürməliyik. Rusiya ilə viza rejimi götürülüb, hansı problem yaranıb? İran 1 milyon müsəlmanı torpağından didərgin salmış Ermənistanla əlaqə saxlayır, bu ölkənin ayaq üstə qalmasına yardımçı olur. Sərhədlərin qapanması çıxış yolu deyil. Ona görə də bu məsələyə etirazımı bildirirəm. Həmkarlarımı da bunun əleyhinə səs verməyə çağırıram”.

Deputat Siyavuş Novruzov deyib ki, bu Memorandum sərhəd bölgələrində yaşayanların ticarət əlaqəsi yaratmasını nəzərdə tuturdu: “Bu gün Azərbaycan vətəndaşları viza almadan İrana keçə bilər. Lakin biz müxtəlif dini cərəyanların qarşısını almaq, narkotik dövriyyəsinin qarşısını almaq üçün belə addımlar atmalıyıq. Bu, tək farslara yox, orada yaşayan soydaşımıza da aiddir. Biz Azərbaycana gələn şəxslərin kim olduğunu bilməliyik. Bu günün tələbi belədir”.

Millət vəkili Zeynəb Xanlarova deputat həmkarı Qüdrət Həsənquliyevin çıxışını bəyəndiyini və dəstəklədiyini deyib: “Axı İranda olanlar bizim qardaşlarımızdır. Qardaşı qardaşdan ayırmaq olar? İndi bəziləri xəstədir, İranda müalicə olunmaq istəyir. Bizi bir-birimizdən təcrid etmək düzgün deyil. Mən bu qərarın əleyhinə səs verəcəyəm. Əgər farsı düşmən hesab ediriksə, onlar üçün belə qərar qəbul edək. Yox, millətimizi qoruyuruqsa, Milli Təhlükəsizlik Nazirliyi nə üçündür, qoy gələnləri yoxlasınlar”.

Ziyafət Əsgərov yenidən məsələyə münasibət bildirib: “Söhbət düşmən olmaqdan getmir, orada yaşayanlar qardaşlarımızdır. Memorandumun vaxtı bitib, ya uzadılmalı, ya da ləğv olunmalıdır. Bu barədə danışıqlar aparılır. İran vətəndaşları yenə Azərbaycana gəlib gedəcəklər, ancaq viza ilə. Viza rejimi tətbiq olunacaq, sonra bu məsələyə yenidən qayıdıla bilər”.

Müzakirələrdən sonra MM memorandumun ləğv edilməsi barədə layihəni təsdiqləyib.
Bu xəbər oxucular tərəfindən 1163 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed