Şrift:
Yaqub Bulud: Ötən 25 ildə infrastrukturu tamamilə yenidən qurulan Naxçıvan möhtəşəm bir diyara çevrilib
02.08.2021 [12:00] - Xəbərlər, Sosial
Mən müxtəlif vaxtlarda Naxçıvana gəlmişəm. Buradakı dəyişiklikləri təbii olaraq daha yaxşı görürəm. 1995-ci illə müqayisədə muxtar respublikanin siması tamamilə dəyişib. Naxçıvan başdan-başa gözəlləşib. Abad, geniş, tərtəmiz yollar, müasirliyi ilə seçilən binalar, gözoxşayan yaşıllıqlar insanı heyran edir. Deyərdim ki, ötən 25 ildə muxtar respublikanın infrastrukturu tamamilə yenidən qurulub, Naxçıvan möhtəşəm bir diyara çevrilib.

Bu sözləri Adana Azərbaycan Mədəniyyət və Həmrəyliyik Dərnəyinin sədri Yaqub Bulud deyib. O vurğulayıb ki, bu gün Naxçıvanın kənd yaşayış məntəqələri də çox gözəlləşib. Kəndlərdə yaradılan şərait şəhərdən heç də geri qalmır. Muxtar respublikada turizm mərkəzləri də yaradılıb. Gəzməli-görməli yerlərə aparan yollar abadlaşdırılıb. Məsələn, bu gün biz Əshabi–kəhf ziyarətgahına gəlmişik. Burada da ziyarətçilər üçün çox gözəl şərait yaradılıb. Ancaq xatırlayıram ki, vaxtilə belə deyildi. Naxçıvan bir vaxtlar düşdüyü çox çətin bir vəziyyətdən bu gün çox gözəl bir səviyyəyə yüksəlib, zirvələr fəth edib.

Türkiyə-Azərbaycan qardaşlığından, sarsılmaz dostluğundan da danışan Yaqub Bulud qeyd edib ki, bu qardaşlıq tarixin sınaqlarından uğurla çıxıb. Türkiyə ilə Azərbaycan xalqları arasında dünyada analoqu olmayan bir sevgi bağı var. Azərbaycan erməni işğalçılarına qarşı Vətən müharibəsinə başladığı günlərdə Türkiyədə hər kəs sanki öz Vətənində müharibə başlayıb duyğusu ilə, həyəcanla hadisələri izlədi. Azərbaycana dəstək verməyə hazır olan könüllülərin isə sayı-hesabı yox idi. Bu gün Türkiyənin bir çox yerində baş verən meşə yanğınlarının qarşısının alınması üçün Türkiyəyə təmənnasız dəstək verən, yanğın-xilasetmə qüvvələrini, təyyarə və helikopterlərini göndərilməsinə dərhal göstəriş verən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu addımı ölkəmizin ictimaiyyəti tərəfindən alqışlarla qarşılanır. Bölgədəki yanğınların söndürülməsində Azərbaycan yanğınsöndürənlərinin qəhrəmanlığı, fədakarlığını hamı görür və bunun bir adı olduğunu vurğulayır, o da qardaşlıqdır.

“Ötən aylarda Azərbaycanın mədəniyyət paytaxtı Şuşada Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin imzalanması, həmin bəyannamədə vaxtilə böyük öndər Mustafa Kamal Atatürkün və naxçıvanlı ziyalıların böyük səyləri nəticəsində 1921-ci ildə imzalanan Qars müqaviləsinə hər iki ölkənin sadiqliyinin bir daha ifadə olunması böyük tarixi hadisədir”, - deyən Yaqub Bulud bildirib ki, bu, həm də bu il 100 illiyi qeyd edilən Qars müqaviləsinin, necə deyərlər, hüquqi və tarixi gücünün qorunması, Naxçıvanın təhlükəsizliyinin və muxtariyyət hüququnun beynəlxalq səviyyədə bir daha təsdiq olunması deməkdir. Ona görə ki, məhz Qars müqaviləsi il Türkiyə Naxçıvanın təhlükəsizliyinin təminatçısı kimi beynəlxalq miqyasda çıxış edən dövlət statusunu qazanıb. Həmin dövrdə Mustafa Kamal Atatürkün səyləri nəticəsində Türkiyə ilə Naxçıvan arasındakı 11 kilometrlik sərhəd xəttinin saxlanılması Atatürkün türk dünyası üçün göstərdiyi çox böyük tarixi xidmətdir. Bu gün Zəngəzur dəhlizinin açılması artıq gündəmdədir. Bu istiqamətdə Azərbaycan Prezidenti İlham Əliyevin qəti iradəsi mövcuddur. Azərbaycan və Türkiyə dövlətləri bu layihənin reallaşdırılması üçün bütün səylərini səfərbər ediblər. Buna görə də Zəngəzur dəhlizinin fəaliyyətə başlayacağı heç kimdə şübhə doğurmur. Buna görə də Naxçıvan önümüzdəki illərdə türk dünyasının parlayan ulduzu kimi daha çox şan-şöhrət qazanacaq. Çünki Naxçıvan türk dünyası, bölgə ölkələri üçün bir nəqliyyat mərkəzinə çevriləcək və hər kəs bu mərkəzin imkanlarından faydalanmağa çalışacaq. Təbii ki, bu da Naxçıvana əlavə gəlirlər gətirəcək. Naxçıvanın güclü turizm potensiyalı olduğunu vurğulayan Yaqub Bulud qeyd edib ki, gələcəkdə gediş-gəlişin artdığı bir vaxtda bu potensialdan səmərəli istifadə etmək imkanları daha da artacaq.
Bu xəbər oxucular tərəfindən 275 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed