Şrift:
Politoloq: Ermənistanda insan hüquqlarının kobud şəkildə pozulması adi hal alıb
09.08.2021 [11:25] - Xəbərlər, Siyasət
Söz azadlığının, plüralizmin bir çox anlamları və məfhumları var. O cümlədən etnik plüralizmin. Görünür ki, Ermənistanda etnik plüralizmin nə olduğunu anlamırlar və bu məfhumla tanış deyillər. Ona görə də bu ölkədə ksenofobiya, irqçilik və digər millətlərə qarşı dözümsüzlük hər zaman hökm sürüb. Belə olan halda, əlbəttə ki, demokratiyadan danışmaq əbəsdir. Çünki demokratik ölkələrdə məhz digər millətlərin, konfessiyaların nümayəndələrinə qarşı dözümlülük və fikirlərini olduğu kimi qəbul etmək prinsipləri hər zaman üstün olub. Ermənistanda indiki halda demokratik cəmiyyətin qurulması ilə bağlı cəfəng fikirlərin, - hansı ki, ilk növbədə, iqtidar tərəfindən səsləndirilir, - heç bir əsası yoxdur.

Bu gün Ermənistanı xarakterizə edən əsas xüsusiyyətlərdən biri demokratiyanın boğulması, hakimiyyətin iradəsinə qarşı çıxanların ən sərt şəkildə zərərsizləşdirilməsidir. Əslində, Ermənistanın ötən əsrin son on illiyində formal müstəqilliyini əldə etdikdən sonra bu ölkədə məhz belə bir şəraitin hökm sürməsi özünü qabarıq surətdə büruzə verir. Bunun nəticəsidir ki, Ermənistanda insan hüquqlarının kobud şəkildə pozulması adi hal alıb.

Bunu açıqlamasında politoloq İlqar Vəlizadə söyləyib.

Politoloq deyib: “Təcrübə göstərir ki, illərdir Ermənistanda hakimiyyət başında olan siyasi qüvvələr öz rəqiblərinə qarşı amansız hərəkətlər ediblər. Bir çox hallarda onları azadlıqdan məhrum edərək, rəqiblərinə qarşı geniş təzyiqlər göstəriblər. İstər R.Köçəryanın, istər S.Sarkisyanın, istərsə də N.Paşinyanın hakimiyyəti dövründə siyasi rəqiblərə qarşı hər cür sərt addımlar atılırdı. Bu cür tədbirlər konstitusiyadan kənar olmaqla bərabər, qanunsuz hallar kimi xarakterizə oluna bilər. Bu cür addımlar Ermənistanda söz azadlığının yalnız şərti xarakter daşıdığını göstərir. Bu məsələ ilə məşğul olan beynəlxalq qurumlar Ermənistandakı vəziyyəti olduğu kimi təhlil edərək, mütəmadi olaraq narahatlıqlarını bildirirdilər”.

“Təəssüflə qeyd etməliyik ki, beynəlxalq qeyri-hökumət təşkilatlarında Ermənistana havadarlıq edən əməkdaşlar vardır. Bəzi hallarda onlar yüksək vəzifələr tuturlar. Beləcə, rəhbər vəzifədə çalışdıqları qurumlarda onların verilən qərarlara böyük ölçüdə təsirləri olur. Ona görə də bəzi qurumların Ermənistanla bağlı yaydığı məlumatlar həqiqəti əks etdirmir. Digər tərəfdən, doğurdan da obyektiv yanaşmalar müşahidə edilir. Bu cür təşkilatlar Ermənistanda müşahidə etdikləri hesabatları, həmin ölkədə baş verən prosesləri olduğu kimi qiymətləndirir. Bu da, əslində, ondan xəbər verir ki, Ermənistanla bağlı ikili standartlar olsa da, orada gedən proseslərin qiymətləndirilməsi də mövcuddur. Buna rəğmən, yenə də demək lazımdır ki, obyektiv yanaşma hər zaman olduğu kimi, daha böyük reytinqlərə malikdir, həmçinin böyük tələbat var. Müxtəlif obyektiv rəylərə əsasən, doğurdan da bu ölkədəki vəziyyət demokratik cəhətdən baxdıqda heç də qənaətbaxş sayılmır.
Bu xəbər oxucular tərəfindən 486 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed