Şrift:
Cəmşid Naxçıvanski milli hərb sənəti tarixinə dəyərli töhfələr verib
11.08.2021 [13:59] - Xəbərlər, Mədəniyyət
Görkəmli sərkərdə, general Cəmşid Naxçıvanski Birinci Dünya Müharibəsi başa çatandan sonra tabeliyində olan hərbi hissə ilə birlikdə Azərbaycan Xalq Cümhuriyyətinin müdafiəsində iştirak edib, 1918-ci il sentyabrın 15-də Bakının erməni daşnaklardan və “Sentrokaspi diktaturası” qüvvələrindən təmizlənməsində fəallıq göstərib. 1920-ci ilin əvvəllərində Dağlıq Qarabağda azərbaycanlı əhaliyə amansız divan tutan erməni quldur dəstələri Cəmşid Naxçıvanskinin komandanlıq etdiyi alay tərəfindən darmadağın edilib və qısa müddətdə orada əmin-amanlıq yaradılıb.

Bu faktlar görkəmli hərb xadimi, Azərbaycan ilk milli atıcı diviziyasının komandiri general Cəmşid Naxçıvanskinin anadan olmasının 126-cı ildönümü münasibətilə Naxçıvan şəhərində fəaliyyət göstərən Cəmşid Naxçıvanski Muzeyində keçirilən tədbirdə səsləndirilib.

Muzeyin direktoru Abasət Nuriyev generalın həyat və fəaliyyətindən danışaraq qeyd edib ki, Azərbaycanın hərb tarixində görkəmli rol oynamış sərkərdələrdən biri də milli hərb tariximizə 6 general bəxş etmiş Kəngərlilər nəslinin sonuncu generalı Cəmşid xan Naxçıvanskidir. Həyatının məqsədini Vətənə xidmətdə görən Cəmşid Naxçıvanski hərb tariximizdə ilk milli atıcı diviziyanı yaradıb və ona komandanlıq edib.

Bildirilib ki, Azərbaycan xalqının digər görkəmli nümayəndələri kimi, repressiya qurbanı olan Cəmşid Naxçıvanski də əsl bəraətini ulu öndər Heydər Əliyevin ötən əsrin 70-ci illərində Azərbaycanda həyata keçirdiyi tarixi yaddaşa və ədalətə qayıdış siyasəti nəticəsində alıb. Xalqımızın Ümummilli Lideri Azərbaycanın rəhbəri seçiləndən qısa müddət sonra “Cəmşid Naxçıvanskinin xatirəsinin əbədiləşdirilməsi haqqında” qərar verib. Bundan sonra Cəmşid Naxçıvanski adına Respublika Hərbi Təyinatlı Orta İnternat Məktəbi, Naxçıvan şəhərində isə Cəmşid Naxçıvanskinin ev-muzeyi yaradılıb, bir məktəbə və küçəyə Cəmşid Naxçıvanskinin adı verilib. Azərbaycan Respublikası Prezidentinin və Naxçıvan Muxtar Respublikası Ali Məclis Sədrinin müvafiq sərəncamları ilə 2015-ci ildə görkəmli sərkərdənin 120 illik yubileyi ölkəmizdə və Naxçıvan Muxtar Respublikasında geniş qeyd edilib.

Sonra muzeyin ekspozisiyasına baxış olub.
Bu xəbər oxucular tərəfindən 645 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed