Şrift:
Koronavirusun “delta” ştamının mövcud olduğu ölkələrin sayı bir həftə ərzində 135-dən 142-yə artıb
12.08.2021 [14:16] - Gündəm, Sosial
Yüksək yoluxuculuğu ilə fərqlənən koronavirusun “delta” ştamının yayıldığı ölkələrin və ərazilərin sayı avqustun 4-dən 10-na qədər artaraq 135-dən 142-yə çatıb.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) həftəlik epidemioloji bülletenində deyilir.

“Narahatçılığa səbəb olan variantlar (ing. - variants of concern, VOC)" kateqoriyasına aid edilən dörd ştamdan ("alfa", "beta", "qamma" və "delta") "alfa" da həftə ərzində coğrafiyasını genişləndirib. O, 2020-ci ilin sentyabr ayında Böyük Britaniyada aşkar edilmişdi və hazırda 185 dövlətdə (əvvəlki həftə ilə müqayisədə üç ölkə çox) mövcuddur. Cənubi Afrika Respublikasında ötən ilin avqustunda aşkar olunan "beta" variantı avqustun 10-na olan vəziyyətə görə 136 ölkədə (əvvəlkindən dörd ölkə çox) mövcud olub. Braziliyada sentyabr ayında aşkar edilmiş "qamma" ştamı hazırda 81 ölkədə dövr edir və ötən yeddi gün ərzində ölkələrin sayı artmayıb.

Avqustun 2-dən 8-dək dünyada yoluxma hallarının sayı 4 faiz artıb: koronavirus infeksiyasına 4,2 milyondan artıq yeni yoluxma halı aşkar edilib. Bununla belə ölümlə nəticələnən halların sayı əvvəlki həftə ilə müqayisədə 2 faiz artıb, cəmi yeddi gün ərzində 65 mindən çox ölüm halı qeydə alınıb. ÜST-nin 11 avqust tarixinə olan məlumatına görə, pandemiyanın başlanğıcından bəri dünyada koronavirusa 203 944 144 yoluxma halı aşkar edilib, 4 312 902 nəfər həyatını itirib.
Bu xəbər oxucular tərəfindən 382 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed