Şrift:
Mikrobioloq alim: COVID-19 pandemiyasının qarşısını məhz vaksinasiya ilə almaq mümkündür
12.08.2021 [14:39] - Xəbərlər, Sağlıq
Dünyada tarixboyu müxtəlif infeksion xəstəliklər yayılıb. Adətən belə xəstəliklər kəskinləşdikdə epidemiya və pandemiya formasını alıb. Pandemiya həddinə çatan infeksion xəstəliklərin qarşısını almaq əsasən peyvəndlərlə mümkün olub.

Bunu Azərbaycan Tibb Universitetinin Klinik Diaqnostik Laboratoriyasının şöbə müdiri, Tibbi mikrobiologiya və immunologiya kafedrasının baş müəllimi Yavər Hacısoy deyib.

Mikrobioloq alim bildirib ki, epidemiya və pandemiyaların qarşısının alınması məhz vaksinasiya ilə mümkün olub: “Misal üçün, vaxtilə pandemiya halını almış çiçək xəstəliyinə indi, demək olar ki, rast gəlinmir. Bütün infeksiyaların profilaktikasında peyvəndləmə hər zaman bir nömrəli rol oynayıb. Koronavirusa qarşı vaksinasiyanın əhali arasında qorxu yaratması təəssüf doğurur. Nəzərə almaq lazımdır ki, bütün dünyada olduğu kimi Azərbaycanda da körpə doğulan kimi bəzi xəstəliklərə qarşı peyvənd olunur. Bu proses uşağın yetkinlik yaşına qədər davam edir. Koronavirus pandemiyası dövründə bəzilərinin ortaya atdığı əsassız fikirlər cəmiyyətin fikirlərinə mənfi təsir göstərir. Vaksinlərin fəsadları bağlı qorxular əsassızdır. Çünki müasir dövrdə yan təsiri olmayan hansısa preparat yoxdur. Gündəlik həyatda demək olar hər gün müxtəlif tərkibli ağrıkəsicilər, təzyiq dərmanları, müxtəlif preparatlar qəbul edənlər kifayət qədərdir. İstənilən dərmanın təlimatında onun kifayət qədər yan təsirinin olduğunu görmək olar. Amma istifadəçilər buna heç fikir vermirlər. Misal üçün, koronavirusa qarşı istifadə edilən vaksinlərin yan təsiri aspirinə nisbətən daha azdır. Halbuki vətəndaşlar tərəddüd etmədən aspirini qəbul etsələr də, vaksinasiyadan keçməyə çəkinirlər”.

Y.Hacısoy deyib ki, Milli Peyvənd təqviminə əsasən vurulan vaksinlərin də yan təsirləri var: “Belə faktlar elmi məqalələrdə öz əksini tapıb. Lakin bu, vaksinləşmənin verdiyi faydanın yanında çox cüzidir. Vaksinlərin allergik xüsusiyyəti də təbiidir. Çünki istənilən antibiotikin kiçik dozası orqanizmdə allergik hal yarada bilər. Vaksin isə mikrobun öldürülmüş bir hissəsi olduğuna görə, bədən ona da allergiya verə bilər. Təbii ki, bu, fərdi xarakter daşıyır. Vaksinin kimdə allergiya verə biləcəyini əvvəlcədən təyin edən analiz yoxdur. Ona görə də vaksinasiya aparılan bütün məntəqələrdə gözləmə otaqları yaradılıb. Peyvənd preparatının yan təsiri ilk 30 dəqiqədə özünü göstərir”.
Bu xəbər oxucular tərəfindən 737 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed