Şrift:
BDU-nun professoru: COVID-19 pandemiyasına qarşı mübarizədə karantin qaydalarına ciddi şəkildə riayət olunmalıdır
16.08.2021 [14:04] - Xəbərlər, Mədəniyyət
Mikroorqanizmlərin törətdiyi infeksiyalar insanlar arasında hər zaman yayılıb, hətta müxtəlif vaxtlarda epidemiyaların, pandemiyaların yaranmasına səbəb olub. Çox maraqlıdır ki, son zamanlar bu mikroorqanizmlər arasında viruslar sanki daha fəallaşıb və bir çox yeni virus xəstəliklərinin yaranmasına əlverişli şərait yaranıb. Bunun əsas səbəbi antropogen təsirlər nəticəsində ekoloji tarazlığın pozulması, pisləşməsidir. Təbii fəlakətlər, insanlar arasında xəstəliklərin yayılma tezliyi ekologiyaya vurduğumuz ziyanların bizə təbiət tərəfindən verilən cavabıdır.

Dünyanı bürümüş COVID-19 pandemiyası insanları təşvişə salıb və yüksək inkişaf etmiş dövlətlərin səhiyyə qurumları da xəstəliklə mübarizədə aciz qalıb. Həllini gözləyən qlobal problemin qarşısında səhiyyənin aciz qalmasının əsas səbəbi infeksiyanın törədicisi, xəstəliyin etiologiyası, patogenezi barədə məlumatların, mübarizə və müalicə tədbirlərinin kifayət qədər az olmasıdır.

Bu fikirlər müsahibəsində Bakı Dövlət Universitetinin Molekulyar biologiya və biotexnologiyalar kafedrasının professoru Fərayət Əhmədova deyib.

Professor bildirib ki, virionlar hüceyrə xaricində zərərsiz hissəciklər şəklində mövcud olsa da, hüceyrədaxili parazitlər olduğu üçün müvafiq hüceyrə daxilində fəallaşa bilir və nəticədə hüceyrə hesabına çoxalmaqla sağlam hüceyrələri məhv edib növbəti hüceyrələri yoluxdurur və infeksiya törədən viruslara çevrilirlər.

Koronavirus sürətli yayılma və mutasiya tezliyinə malikdir, hava-damcı yolu ilə yoluxur, giriş qapısında (tənəffüs yolunda, ağızın, gözün selikli qişasında) lokalizə olunur və kəskin respirator xəstəliklər törədir. Nəticədə proqressiv tənəffüs çatışmazlığı ilə müşayiət olunan pnevmoniya müşahidə olunur.

Virionlar otaq temperaturunda bir neçə saatdan bir neçə günə qədər qala bilir. Onlar yüksək, həmçinin aşağı temperatura qarşı davamlıdır. Üzvi həlledicilərin, turşuların, qələvilərin, ultrabənövşəyi şüaların təsirinə həssasdırlar. Xəstəliyin yeni növ koronavirus adlandırılmasının səbəbi isə törədicinin yeni mutant ştamlar tərəfindən törədildiyinin ehtimal olunması ilə əlaqəlidir. Lakin ştamların təbiət tərəfindən və ya laborator şəraitində yaradılması fikirləri hələlik sual altındadır.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, xəstəlikdən ölənlərin sayı sürətlə artmaqdadır. Təəssüf ki, pandemiya doğma respublikamızdan da yan keçməyib və davam etməkdədir. Hazırkı durum digər ölkələrlə müqayisədə hələlik bu bəladan az itki ilə çıxacağımıza ümid verir. Bunun əsas səbəblərindən biri Azərbaycan dövləti tərəfindən qabaqlayıcı tədbirlərin görülməsidir. Ölkəmizdə göstərilən bütün səylərə baxmayaraq, təəssüf ki, hələ də xəstəliyə biganə yanaşanlar var, karantin qaydalarına lazımınca riayət olunmur.

Xəstəliyə qarşı dövlət və xalq birlikdə mübarizə aparmalıdır. Necə ki, 44 günlük Vətən müharibəsində hamı Prezidentimizin ətrafında sıx birləşdi və qalib ölkə kimi dünyaya özümüzü təqdim etdik, eləcə də pandemiyaya qarşı mübarizədə sıx birləşərək qalib olmaq mütləqdir. Bunun üçün əhali arasında güclü maarifləndirici tədbirlər mütəmadi keçirilməli, şəhərlərdə reklam xarakterli lövhələr artırılmalı və bu məsələdə müvafiq dövlət müəssisələri, xüsusilə televiziya kanalları nəzarəti gücləndirməlidirlər. Dövlət tərəfindən qoyulan tələbləri və xərclənən vəsaiti əhali qiymətləndirməlidir. Bütün qeyd olunanlarla yanaşı, bu bəladan qurtuluş yolu hər bir insanın son dərəcə özünə qarşı diqqətli olmasını tələb edir: əllərin sabun və dezinfeksiyaedici məhlullardan istifadə edilməklə təmiz saxlanılması, maskalardan düzgün istifadə, onları 2-3 saatdan gec olmayaraq təzələmək, sosial məsafənin saxlanılması, insanların sıx olduğu məkanlardan imkan daxilində uzaqlaşmaq, öpüşməkdən, əl verib görüşməkdən imtina etmək, eynəkləri vaxtaşırı spirtlə təmizləmək, salonlarda şəxsi əşyalardan istifadə etmək və orqanizmdə immuniteti gücləndirmək. Onu da yadda saxlamaq lazımdır ki, pul mikroorqanizmləri özündə toplayır və insandan-insana keçməsində böyük rol oynayır. Puldan istifadədən sonra əllər təmizlənməlidir. Bütün bunlarla yanaşı, pandemiyaya qarşı vaksinləşmə prosesində fəal iştirak etmək vacibdir. Mən bütün ziyalı həmkarlarımı vaksinasiyada fəal iştirak etməyə və öndə getməyə çağırıram. Bu, həm özümüzün və həm də əzizlərimizin, xalqımızın bu bəladan qurtulmasının yeganə yoludur.

“Pandemiya yalnız tibbi problem olmayıb, sosial xarakter daşıyır və bir çox ölkələri sınaq qarşısında qoyub. Sağlam həyata başlamaq üçün bu günlərdə çox insanların psixoloji dəstəyə, məsləhətlərə ehtiyacı var. Ona görə də insanlar bir-birinə dəstək olmalı, psixoloji durumuna ciddi fikir verməlidirlər. Bəzi hallarda istifadə olunmuş maskaların ətraf mühitə atıldığı müşahidə olunur. Bu, şəhərimizin təmizliyinə xələl gətirir, digər tərəfdən xəstəliyin yayılmasına səbəb olur.

Pandemiyanın nə qədər davam edə biləcəyi hələlik məlum deyil. Amma ümid edək ki, tezliklə gün gələr bu narahatlığa son qoyular və həyat öz axarına düşər”- deyə professor Fərayət Əhmədova bildirib.
Bu xəbər oxucular tərəfindən 498 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed