Şrift:
Aytən Ziyadova: Koronaviruslu xəstələrin özbaşına müalicəsi onların həyatı üçün risk yaradır
16.08.2021 [14:40] - Gündəm, Sağlıq
Həkim məsləhəti olmadan özünü evdə müalicə etməyə çalışan xəstələrin vəziyyəti ağırlaşa bilər. Məsələn, bəzən COVID-19-u yüngül keçirənlər ehtiyac olmadığı halda antibiotik qəbul edirlər. Bu, orqanizm üçün zərərlidir. Həmin xəstələrdə bir müddətdən sonra antibiotiklərə qarşı həssaslıq itə bilər.

Bakıdakı 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanası uşaq poliklinikasının pediatr-infeksionisti Aytən Ziyadova bu sözləri COVID-19-a yoluxanların həkimə müraciət etmədən özbaşına müalicə olunmaları məsələsinə münasibət bildirərkən deyib.

Pediatr-infeksionist qeyd edib ki, bu, ölkədə ən ağrılı vəziyyətlərdən biridir: “Xəstə mütləq həkim nəzarəti altında və onun yazdığı reseptlərə uyğun olaraq müalicə almalıdır. Təəssüf ki, ölkəmizin əczaxanalarında antibiotiklər reseptsiz satılır. Özbaşına müalicənin qarşısını almaq üçün reseptsiz antibiotik satışına qadağa qoyulmalıdır. Belə olan halda, vətəndaşlar xeyir tapmaq istəyərkən zərərlə üzləşməyəcəklər. Ümumiyyətlə, bütün virus infeksiyaları zamanı müalicə prosedurunda antibiotiklərdən istifadə edilmir. Antibiotikləri orqanizmdə həkim viruslarla yanaşı bakterial infeksiya müşahidə edildikdə təyin edə bilər. Özbaşına müalicə vətəndaşların həyatı üçün risklidir. Ev şəraitində antibiotiklərdən istifadə etdiyi üçün şok reaksiyası verən xəstə müraciətləri tez-tez baş verir”.

O, koronavirus əleyhinə istifadə edilən peyvəndlərin müxtəlif ştamlara qarşı effektivliyindən də danışıb: “Peyvəndlərin hazırlanmasında sınaqdan keçmiş texnikalardan istifadə edilir: “Təbii ki, koronavirusun daim mutasiyaya uğradığı da nəzərə alınıb. Unutmayaq ki, koronavirus əleyhinə istifadə edilən vaksinlər az canlı və ya inaktivdirlər. Orqanizmə yeridilmiş həmin vaksin koronavirusla qarşılaşdığı zaman virusu yad cisim kimi qəbul etmir və peyvənd orqanizmi müdafiə etməyə başlayır”.
Bu xəbər oxucular tərəfindən 797 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed