Şrift:
Akademik İsa Həbibbəylinin monoqrafiyası İtaliyada nəşr olunub
20.08.2021 [14:10] - Xəbərlər
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru akademik İsa Həbibbəylinin “XX əsrin əvvəlləri Azərbaycan ədəbiyyatı“ (“La letteratura Azerbaigiana di inizio novecento tı”) monoqrafiyası Romada nəfis tərtibatda nəşr olunub.

Ədəbiyyat İnstitutundan bildirilib ki, monoqrafiyada akademik İsa Həbibbəylinin Azərbaycan ədəbiyyatı tarixində zənginliyi ilə seçilən XX əsrin əvvəllərində yaşayıb-yaratmış görkəmli ədəbiyyat xadimlərinin, yazıçı və şairlərinin həyat və yaradıcılıqları haqqında portret oçerklər yer alıb.

Azərbaycanın ictimai fikir tarixində mühüm mərhələ olan XX əsrin əvvəllərində “Molla Nəsrəddin” və “Füyuzat” kimi ədəbi məktəblər yaranıb. Akademikin monoqrafiyasında Azərbaycan ədəbiyyatında maarifçi realizm, tənqidi realizm və romantizm ədəbi cərəyanlarının görkəmli nümayəndələri haqqında portret oçerklər müvafiq bölgü əsasında təqdim olunub. Əlavə olaraq bu dövrün ədəbi-tənqidi fikrinin formalaşmasında mühüm rol oynamış görkəmli fikir adamları ayrıca fəsildə verilib.

“Giriş”də XX əsrin əvvəlləri Azərbaycan ədəbiyyatı xüsusi ədəbi mərhələ kimi verilib və bu tarixi mərhələnin səciyyəvi xüsusiyyətləri şərh olunub. Monoqrafiyanın sonunda dövrə dair ədəbiyyatı özündə əks etdirən biblioqrafiya və akademik İsa Həbibbəylinin bioqrafiyası oxuculara təqdim edilib.

Kitabın üz qabığında “Molla Nəsrəddin” jurnalının birinci sayının üz qabığı, içərisində isə hər bir yazıçı və şairin fotosu, onların ev-muzeylərindən şəkillər verilib.

“Sandro Teti” nəşriyyatında çap olunan kitabın tərcüməçisi Giorgia Felici, redaktoru Giorgia Susannadır.

İtaliyanın paytaxtı Romada çap olunan monoqrafiya Azərbaycan ədəbiyyatının dünyada təbliği baxımından əhəmiyyətli elmi mənbədir. Kitab, həmçinin Azərbaycan-İtaliya elmi-ədəbi əlaqələrinin yeni bir səhifəsidir.
Bu xəbər oxucular tərəfindən 1611 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed