Şrift:
Yevlaxda şəhid Yusif Yusifbəylinin doğum günü qeyd olunub
23.08.2021 [12:03] - Xəbərlər, Hərb
Yevlaxda 44 günlük Vətən müharibəsində fədakarlıq göstərərək şəhidlik zirvəsinə ucalmış Yusifbəyli Yusif Sabir oğlunun doğum günü qeyd olunub.

“Vətən uğrunda” medalı və 3-cü dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilmiş şəhidin doğum günü münasibətilə keçirilən tədbirin iştirakçıları əvvəlcə Yevlax Şəhidlər xiyabanına gəliblər. Şəhidin məzarı üzərinə tər güllər düzülüb, ruhuna dualar oxunub.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı İlham Məmmədov Azərbaycan Ordusunun qələbəsi ilə başa çatan Vətən müharibəsinin tarixi əhəmiyyətindən danışıb, Yusif və onun kimi şəhidlərimizin qanının yerdə qalmadığını söyləyib.

Yevlax Şəhər İcra Hakimiyyəti başçısı aparatının şöbə müdiri Xaliq Əliyev çıxışında bildirib ki, 2020-ci il ölkəmiz üçün Qələbə ili kimi tarixə düşdü. 30 ilə yaxın işğal altında qalan torpaqlarımız Prezident İlham Əliyevin uzaqgörən və qətiyyətli siyasəti, xalqımızın birliyi və müzəffər Ordumuzun peşəkarlığı sayəsində azad olundu. Qəhrəman gənclərimizin Vətən uğrunda göstərdiyi fədakarlıqlar dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Onların hər biri orden və medallarla təltif edilib, ailələri dövlətin diqqət və qayğısı ilə əhatə olunub.

Şəhidin xatirəsinə Yevlax Uşaq Gənclər İdman Şahmat məktəbi tərəfindən şahmat turniri, 2 nömrəli tam orta məktəb tərəfindən isə şeir müsabiqəsi keçirilib. Yarışın və müsabiqənin qaliblərinə fəxri fərman və hədiyyələr şəhidin ailə üzvləri tərəfindən təqdim edilib. Sonra şəhidin yaşadığı fərdi evin qarşısında barelyefi açılıb.

Şəhidin ailəsi dövlət tərəfindən onlara göstərilən diqqət və qayğını hər zaman hiss etdiklərini, buna görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirib.
Bu xəbər oxucular tərəfindən 1252 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed