Şrift:
BMT-nin xüsusi məruzəçisi güneyli alimin durumundan narahatlığını ifadə edib
23.08.2021 [12:35] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Hesabatın bir hissəsi İranda seçicilərin 48.8%-nın iştirakı ilə keçirilən və səslərin 13%-nin etibarsız sayıldığı bildirilən son prezident seçkilərinə həsr olunub.

Qeyd olunur ki, İranın Daxili İşlər Nazirliyinin rəsmi məlumatına görə, 2021-ci il prezident seçkilərində etibarsız səslərin sayı İbrahim Rəisiyə verilən səslərdən sonra ikinci yeri tutub.

Etibarsız səslərin çox olması ilə bağlı iyunun 28-də çıxış edən İranın rəhbəri Əli Xamneyi bildirib ki, səsləri etibarsız sayılan şəxslərin sistemdən uzaqlaşdıqlarını iddia etmək doğru deyil.

BMT-nin İran üzrə xüsusi məruzəçisi prezident seçkilərində cəmi 7 nəfərin iştirakına icazə verildiyini və 583 nəfərin seçki yarışından uzaqlaşdırıldığını qeyd edib.

Cavid Rəhman seçkilərdə qalib elan olunan İbrahim Rəisinin İran Məhkəmə Sistminə başçılıq etdiyi dövrdə insan haqları pozuntularına, o cümlədən azyaşlıların edamı, işgəncə, məcburi etirafların alınması və özbaşına həbslərə yol verdiyini bildirib.

Hesabatda İran hökumətinin insan haqları prinsiplərinə etinasız yanaşdığı, özbaşına həbslər həyata keçirdiyi qeyd olunur. Bildirilir ki, rejim 2019-cu ilin noyabr etirazları iştirakçılarına qarşı repressiyalar həyata keçirib.

Sənəddə həmçinin İran İslam İnqilab Keşikçiləri Korpusu tərəfindən Ukrayna təyyarəsinin vurulmasına toxunulub və qurbanların ailələrinin təhdid edildiyi qeyd olunub.

Cavid Rəhman hesabatında İranda mədəni fəalların, ikili vətəndaşlığı olan və xarici vətəndaşların qanunsuz həbs olunduğunu qeyd edib.

O, bir neçə məhbusun, o cümlədən Tehranın Evin zindanında saxlanılan İsveç-İran vətəndaşı olan Güney azərbaycanlı alim Əhməd Rza Cəlalinin durumundan narahatlığını ifadə edib.

Cavid Rəhman hesabatında başqa güney azərbaycanlı məhbusların, Abbas Lisani və Əlirza Fərşinin də durumuna işarə edib.

O, hesabatında Abbas Lisaninin başqa 7 azərbaycanlı məhbusla (Siyamək Mirzayi, Behnam Şeyxi, Əlirza Fərşi, Kiyanuş Aslani, Mehrdad Şeyxi, Yusif Kari və Rza Vasiqi) birgə aclıq aksiyası keçirdiyini bildirib.

Hesabatda qeyd olunur ki, həbsxana məsullarının məhbuslara qarşı qanunsuz hərəkətlərə son qoyulacağına və tibbi məzuniyyət veriləcəyinə dair vədlərindən sonra aksiya dayandırılıb.

Bununla yanaşı hesabatda Əlirza Fərşinin durumuna toxunulub və onun təzyiqlərə məruz qalması, sağlamlıq durumu və barəsində yeni cinayət işinin açılmasından bəhs edilib.

Cavid Rəhman üç il əvvəl BMT-nin İnsan Haqları Şurası tərəfindən İranda insan hüquqları üzrə xüsusi məruzəçi təyin edilib. O vaxtdan bəri C.Rəhmanın səlahiyyət müddəti hər il BMT İnsan Haqları Şurası tərəfindən yenilənir.
Bu xəbər oxucular tərəfindən 708 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed